Ombudsman: Dünya ictimaiyyəti Ermənistanın törətdiyi qəddar və qeyri-insani hadisələrə laqeyd qalmamalıdır
Ermənistan silahlı qüvvələri 26 oktyabr 2020-ci il tarixdə saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq və müharibə cinayətlərini davam etdirərək Bərdə rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutmuşlar.
Nəticədə mülki əhalidən 4 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Həlak olanlar və yaralananlar içərisində uşaqlar da var. Dağıntılar altında hələ də çoxlu insan qaldığından bu rəqəmlər hər an arta bilər.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ombudsman Səbinə Əliyevanın mətbuata açıqlamasında qeyd edilib.
Ombudsman bildirib ki, mülki insanlara qarşı törədilən bu terror bir daha onu göstərir ki, işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının, eləcə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir.
Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir.
Dünya ictimaiyyəti səsimizə səs verərək Ermənistan tərəfindən törədilən son dərəcədə qəddar, amansız və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq müharibə cinayətlərinə yol vermiş işğalçı Ermənistan dövlətindən beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə əməl etməyi, mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan cinayətkar əməllərdən çəkinməyi, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarını, dinc əhalinin qətlə yetirilməsində təqsirkar olan şəxslərin cəzalandırılması ilə bağlı təsirli tədbirlər görülməsini tələb etməlidir.
S.Xankişiyeva