Prezident: Döyüş meydanında Ermənistanı məğlub etməyimiz onlar üçün ciddi siqnal olmalıdır
Erməni tərəfin aqressiv davranışı və onların beynəlxalq hüququ, Cenevrə konvensiyalarını kobud şəkildə pozması, hərbi cinayətlər törətməsi onların nizamlama məsələsini konkret müzakirə etməyə hazırlaşmasından xəbər vermir. Ona görə ki, dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Rusiyanın İnterfaks agentliyinə müsahibəsində Ermənistanın müharibə cinayətləri barədə danışarkən söyləyib.
Ermənilərin atəşləri nəticəsində yüzlərlə dinc vətəndaşın həlak olduğunu və yaralandığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Lakin, eyni zamanda, düşünürəm, döyüş meydanında Ermənistanı məğlub etməyimiz hər halda onlardan ötrü ciddi siqnal olmalıdır ki, onlar daha imitasiya fəaliyyəti apara, bizi, Minsk qrupunun həmsədrlərini aldada, mahiyyət etibarilə məsələnin konkret müzakirəsindən yaxa qurtara bilməzlər. Danışıqlar prosesinə gəldikdə isə, son bir il ərzində, hətta bir ildən də çox müddətdə praktiki olaraq bu proses aparılmayıb. Bu, 1994-cü il atəşkəs anından sonra ilk dəfə idi. Ona görə ki, o vaxtdan bəri danışıqlar prosesi müxtəlif intensivliklə gedir, tərəflər baza prinsiplərinin bəndlərini razılaşdırırdılar. Axı, bu prinsiplər göydən düşməyib. Bu prinsiplər Minsk qrupu tərəfindən, onun həmsədrləri tərəfindən təklif edilmiş və münaqişə tərəfləri onları razılaşdırmışdılar”.
Prezident deyib ki, proses ləng getsə də, ümumiyyətlə, müəyyən tərəqqi vardı. Amma Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra birinci ildə onlar bizə və bildiyimə görə vasitəçilərə də vədlər verirdilər, ikinci ildə isə artıq açıq şəkildə özlərinin əsl niyyətlərini nümayiş etdirdilər ki, onlar bircə qarış belə torpaq verməyəcəklər və üstəlik, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdilər. “Yeri gəlmişkən, bu sözləri onların müdafiə naziri deyib. Hazırda o, müdafiə naziri kimi həm öz xalqının, həm də dünya ictimaiyyətinin nəzərində tamamilə hörmətdən düşüb. Mən təəccüblənirəm, necə olub ki, belə alçaldıcı məğlubiyyətdən sonra o, indiyə qədər istefa verməyib”, - deyə Azərbaycan Prezidenti bildirib.
S.Xankişiyeva