Tural Gəncəliyev kanadalı senatoru Azərbaycan xalqından üzr istəməyə çağırdı
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin Azərbaycan-Kanada Parlamentlərarası dostluq qrupunun rəhbəri Tural Gəncəliyev Kanada Parlamentinin senatoru Leo Housakos və Ontario yerli parlamentinin üzvü Gurratan Singhə həm video, həm də yazılı formata etirazını bildirib.
İcmadan 1news.az-a verilən məlumatda bildirilir ki, son günlər adıçəkilən şəxslər Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğalını dəstəkləyən bəyanatlar səsləndiriblər. Tural Gəncəliyev həmin şəxslərin və bütün Kanada Parlamentinin üzvlərinin diqqətinə münaqişə bölgəsindən uzaqda yerləşən Azərbaycanın yaşayış məntəqələrinə Ermənistan tərəfindən atılan qadağan olunmuş raketlər nəticəsində 100-ə yaxın mülki əhalinin öldürülməsi və onların 10 nəfərinin azyaşlı körpə olması faktını çatdırıb.
İcma rəhbəri onlara bildirib ki, seçicilərinizin hüquqlarını qorumaq əvəzinə sizə verilən tribunadan erməni lobbisinin ruporu kimi çıxış etməyiniz seçicilərinizə hörmətsizlik kimi qiymətləndirilir. “Siz bu hərəkətlərinizlə Ermənistan silahlı qüvvələrinin Azərbaycan mülki vətəndaşlarına qarşı törədilən müharibə cinayətlərinin müdafiəçisinə çevrilirsiniz”.
Müraciətdə Tural Gəncəliyev Kanadanın Ontario və Quebec bölgələrinin əhalisinə səslənərək bildirir ki, bu gün sizi parlamentdə təmsil edən şəxslər günahsız insanların ölümlərinə bütün insan haqqlarını kobud şəkildə pozaraq haqq qazandırır. Bu siyasətçilər doğrudanmı sizin dəstəyinizə layiqdirlər?
Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun rəhbəri T. Gəncəliyev, Singh və Housakosun xalqımıza qarşı qərəzli mövqelərini kəskin şəkildə qınamaqla yanaşı, onları Azərbaycan xalqından üzr istəməyə çağırıb.
Qafar Ağayev