Efiyopiyada avtobusa silahlı hücum - 34 sərnişin öldürüldü
Efiopiyanın qərbində naməlum silahlılar avtobusa hücum edərək azı 34 sərnişini öldürüblər.
1news.az AZERTAC-a istinadən xəbər verir ki, bu barədə France-Press agentliyi Efiopiya İnsan hüquqları komissiyasına istinadla məlumat yayıb. “Əldə olan məlumata əsasən, öldürülənlərin sayı hazırda 34 nəfərə çatır, lakin bu rəqəm arta bilər”, - deyə komissiyanın nümayəndəsi bildirib.
Avtobusa ötən gecə Benişanqul/Qumuz ştatında hücum edilib. Sudanla həmsərhəd olan bu ştatın hazırda hərbi əməliyyatlar gedən Tıqray muxtar bölgəsi ilə ümumi sərhədi yoxdur.
Efiopiya Baş nazirinin ofisi bu gün dünya ictimaiyyətinə müraciət edərək Tıqrayın azadlığı xalq cəbhəsinin silahlıları tərəfindən May-Kadra şəhərində dinc sakinlərə qarşı törədilən kütləvi qətlləri qınamağa çağırıb.
May-Kadra şəhəri Tıqray və Amhara ştatlarının sərhədində yerləşir. Onun əsas əhalisi amharlardır.
1news.az