Azərbaycan Prezidenti: Bizim itkilərimiz müharibənin miqyasına görə həddindən çox aşağıdır
Müharibə zamanı gördüyümüz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir. Bu haqda məndə dəqiq məlumat var. Bizim xarici tərəfdaşlarımız bu məlumatı bizə çatdırıblar ki, ən inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində Azərbaycanın döyüş taktikası, bizim əməliyyatlar öyrənilir və bu, müasir döyüş taktikasıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhərinə səfəri zamanı Azərbaycanın döyüş taktikası barədə danışarkən söyləyib.
“Bizə qədər dünyada heç kim bu taktikadan istifadə etməyib. Burada bütün vacib amillər bir məqsədi güdürdü ki, az itkilərlə düşmənə sarsıdıcı zərbələr vuraraq, düşmənin ordusunu faktiki olaraq məhv edərək hədəfə çataq və belə də oldu. Biz sentyabrın 27-də əks-hücum əməliyyatına başlayaraq, sonra hücum əməliyyatına keçdik. Çünki biz torpaqlarımızı azad etməli idik. Ermənistanın təxribatlarına son qoyulmalı idi. Günahsız insanların həlak olmasına son qoyulmalı idi və əks-hücumdan sonra hücum edən tərəf, adətən, daha çox itki verir. Ancaq bizim itkilərimiz müharibənin miqyasına görə həddindən çox aşağıdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Dövlətimizin başçısı deyib: “Hər bir şəhidimiz əvəzolunmazdır, hər bir insanın həlak olması böyük faciədir, onun özü üçün, yaxınları üçün, qohumları üçün, xalq üçün. Ancaq onu da bildirməliyik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Məhz buna görə ola bilər bəziləri hesab edir ki, bu məsələ daha da tez həll oluna bilərdi. Halbuki 44 gün ərzində bu ərazini işğaldan azad etmək və düşməni məhv etmək, düşmən ordusunu məhv etmək, düşməni təslim olmağa məcbur etmək böyük qəhrəmanlıqdır”.
S.Xankişiyeva