“CBC TV Azerbaijan” telekanalında Mixail Qusmanın “Hakimiyyət formulu. 2020-ci ilin yekunları” filmi nümayiş etdirilib – FOTO
“CBC TV Azerbaijan” telekanalında Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın “Hakimiyyət formulu. 2020-ci ilin yekunları” filmi nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, filmdə 75 il bundan əvvəl dünyanın azadlıqsevər xalqlarının XX əsrin ən dəhşətli bəlası olmuş alman faşizminə qalib gəldiyi və dünya xalqlarının gələcəkdə müharibə dəhşətlərinə və faşizmə bir daha yol verməmək məqsədilə unikal beynəlxalq təşkilat olan BMT-ni yaratdıqları qeyd edilir.
Bütün mütərəqqi bəşəriyyət faşizm üzərində Qələbə yubileyini qeyd etməyə böyük şövqlə hazırlaşırdı. Lakin fevral ayında bütün dünyanı cənginə alan koronavirus pandemiyası başladı. İlin sonunda alimlərin və tibb işçilərinin fəaliyyəti sayəsində ağır xəstələrin müalicə sxemi işlənib hazırlandı, koronavirus əleyhinə vaksin yaradıldı.
Koronavirus pandemiyası insanların adət etdikləri həyat tərzini pozub, karantinlər tətbiq olunub, bir çox idman yarışları, mədəniyyət tədbirləri ləğv edilib. Bəşəriyyət bərpa ili ola biləcək 2021-ci ilə ümidlə baxır.
Ənənəyə görə, “Hakimiyyət formulu” proqramının qəhrəmanları Yeni il ərəfəsində tamaşaçılara müraciət edirlər. “Hakimiyyət formulu” verilişinin qəhrəmanlarından biri – Azərbaycan Prezidenti İlham Əliyev öz müraciətində qeyd edib ki, dünya pandemiyaya qalib gələndə insan, onun dərrakəsi və iradəsi bu mübarizənin simvolu olmalıdır. Azərbaycan dövlətinin başçısı deyib: “Çətin dövrdə çox məsələləri məhz iradə qüvvəsi həll edir. Əlbəttə, mərhəmət hissi də. Allahın qarşısında hamı bərabərdir”.
Filmdə İsrailin Baş naziri Benyamin Netanyahu, BMT-nin Baş katibi Antonio Quterreş, UNESCO-nun Baş direktoru Odre Azule, Bolqarıstan Prezidenti Rumen Radev, Serbiya Prezidenti Aleksandr Vuçiçlə müsahibələrdən fraqmentlər də yer alıb.
Mixail Qusman “Hakimiyyət formulu” verilişinin daimi müəllifi və aparıcısıdır. Tanınmış jurnalist prezidentlərdən, baş nazirlərdən, beynəlxalq təşkilatların rəhbərlərindən 400-dən çox müsahibə götürüb.
S.Xankişiyeva