BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsi bu gündən qüvvəyə minir
BMT-nin 2017-ci ildə qəbul etdiyi Nüvə Silahının Ləğvi Barədə Müqavilə bu gündən qüvvəyə minir. Həmin müqavilənin qəbulu üçün 122 dövlət səs verib. Ötən ilin oktyabrında isə müqavilə onu ratifikasiya etmiş 50 dövlətin ərazisində qüvvəyə minib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla əlaqədar videomüraciət yayan BMT-nin baş katibi Antonio Quterreş müqavilənin qüvvəyə minməsini nüvə silahından azad olmuş dünyanın yaranması istiqamətində mühüm addım adlandırıb. Baş katib dünyanın bütün dövlətlərini ümumi kollektiv təhlükəsizliyin təmin edilməsi üçün birgə çalışmağa dəvət edib. A.Quterreş deyib ki, nüvə partlayışlarından və sınaqlarından sonra sağ qalanlar bu faciələrin canlı şahidləridir və müqavilənin əsasında dayanan əsl mənəvi gücdürlər.
Qeyd edək ki, müqavilə nüvə silahının hazırlanması, istehsalı və istifadəsini qadağan edir.
Lakin dünyada nüvə silahına malik olan dövlətlərin heç biri bu müqaviləni imzalamış 86 və ratifikasiya etmiş 51 dövlətin siyahısına daxil deyil.
Bundan əlavə, nüvə silahına qabaqlayıcı vasitə kimi baxan NATO üzvləri, həmçinin Yaponiya və Cənubi Koreya da müqaviləyə qatılmayıblar. Bu isə o deməkdir ki, müqavilənin qüvvəyə minməsinə baxmayaraq, bu sursat heç də dərhal azalmayacaq.
Müqaviləyə qoşulan dövlətlər ümid edirlər ki, nüvə silahının qeyri-qanuni elan olunması bu silaha malik olan bütün ölkələr üçün mühüm təzyiq vasitəsinə çevriləcək. Bu dövlətlər müqaviləni ratifikasiya etmiş ölkələrin sayının cari ildə 100-ə çatacağına ümid edirlər.
1news.az