Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib
Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start verdi. Eyni zamanda, yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasındadır. Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur.
1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib: “Biz COVAKS təşəbbüsünün üzvüyük və COVAKS xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik. Eyni zamanda, biz bir neçə şirkətlə vaksinlərin ölkəmizə gətirilməsi ilə bağlı müqavilələr bağlamışıq. Amma onların bəzilərinin icrası indi yubanır, yəqin ki, bax, dediyim bu səbəblərə görə. Eyni zamanda, biz artıq 4 milyon doz vaksin sifariş etmişik və onların artıq Azərbaycana gəlməsi təmin edilib, Çin istehsalı olan vaksinlər. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün deyə bilərəm ki, Avropa İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni, bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar, əlbəttə ki, bu, vaksinasiya sahəsində də bizim səmərəli işimizin təzahürüdür”.
Prezident qeyd edib ki, indiki şəraitdə, xüsusilə zəngin ölkələr arasında olan ixtilaflar istehsalçılara da mənfi təsir göstərir, bir çox ölkələrin vətəndaşlarını bu vaksinlərdən məhrum edir. Ondan başqa, bu, dünyada ölkələr arasındakı inamsızlığı da alovlandırır. “Açıq mətbuata istinad edərək deyə bilərəm ki, inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Yəni, bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir. “Moderna” vaksini var, səhv etmirəmsə Amerika istehsalıdır. “Moderna” vaksininin 98 faizini zəngin ölkələr sifariş ediblər. “Pfizer” Avropa vaksinidir. “Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər. Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər, xəstələnməlidirlər?”, - deyə Azərbaycan Prezidenti qeyd edib.