“İkinci ilini yaşayan parlamenti çox böyük işlər, hədəflər gözləyir” - Deputat
Sonuncu-növbədənkənar 6-cı çağırış Milli Məclisə (MM) seçkilərin keçirilməsindən artıq bir il ötür. Həmin vaxt parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı gətirilən arqumetnlər, tam əsaslı idi və yeni dövrün ruhundan qaynaqlanırdı.
Bəli, yeniləşən, yeni ruhlu, dəyişən, daha da inkişaf edən Azərbaycana yeni ruhlu, ölkədəki dəyişikliklərə vaxtında, məqamında cavab verəcək bir ali qanunverici orqan lazım idi.
Təbii ki, ötən çağırış parlament və onun üzvü olan millət vəkilləri də öz üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlmiş, müstəqil Azərbaycanın inkişafında, möhkəmlərindirilməsində öz sözünü demişdi.
Amma dövr, zaman, baxışlar, yanaşmalar, çağırışlar, tələblər və tələbatlar dəyişdiyi kimi, buna uyğun olaraq, buna çavab verəcək bir parlamentə də artıq ehtiyac duyulurdu. Həm dövlətin, həm də bütövlükdə cəmiyyətin buna ehtiyacı var idi.
Bəli, beləliklə, ötən ilin 9 fevral tarixində növbəti dəfə çoxpartiyalılıq əsasında, cəmiyyətin bütün spektlərinin, bütün kəsimlərinin iştirakı ilə parlament seçkiləri keçirildi və bu, Azərbaycanın demokratiyaya doğru irəliləməsində daha bir addım oldu.
Düzdür, seçkilərlə bağlı müəyyən fikirlər də oldu ki, bunlar da təbii idi. Çünki seçki, proses varsa, ona yanaşmalar da müxtəlif olacaq və olmalıdır, demokratiyanın əsas şərtlərindən biri də elə budur. Hamı eyni fikirdə, eyni düşüncədə ola bilməz. Amma bütün hallarda seçkilər ədalətli və demokratik mühitdə keçirildi və baş tutdu.
Beləliklə, yeni tərkibli parlamentin formalaşdırılması mümkün oldu. Martın 10-da isə ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə yeni tərkibli 6-cı çağırış Milli Məclisin ilk açılış sessiyası-iclası keçirildi.
Açılış sessiyasında-iclasında ölkə Prezidentinin geniş məzmunlu, çox əhatəli, tarixi çıxışı oldu. Bir daha Azərbaycan cəmiyyətinə çağırış edildi, ölkədəki milli barışığın, milli həmrəyliyin davamı kimi, siyasi həmrəyliyin, siyasi barışığın da vacibliyinə diqqət çəkildi, daha bir İlham Əliyev nümunəsi, daha bir Azərbaycan nümunəsi ortaya qoyuldu. Və bunun da nəticəsi olaraq, parlamentin rəhbərliyi, komitə rəhbərləri-sədr və sədr müavinləri Milli Məclisdə təmsil olunan bütün siyasi qüvvələrin təmsilçiliyi ilə formalaşdırıldı. Müxalifət təmsilçisi ilk dəfə parlament rəhbərliyində təmsil olundu. Ən əsas məqamlardan biri-son 29-30 ildə ilk dəfə olaraq, parlamentin sədri vəzifəsinə xanım parlamentari, 4 və 5-ci çağırış Milli Məclisin üzvü olmuş dəyərli həmkarımız, professor Sahibə xanım Qafarova seçildi. Və parlamentin rəhbərliyinin, onun komitələrinin formalaşdırılmasındakı yenilik, dəyişiklik, yeni yanaşma özü ilk andaca özünü doğrultdu. Parlamentdə əsl canlılıq, dinamizm, hərəkətlilik, kimliyindən asılı olmayaraq, hər kəsə eyni münasibət özünü büruzə verdi. Hər bir millət vəkilinə öz fikrini, öz mövqeyini çatdıra bilməsi üçün hər cür şərait yaradıldı, heç kimin sözü, çıxışı yarımçıq kəsilmədi, yarımçıq dayandırılmadı, əksinə, hər kəsə əlavə vaxt verildi. Xüsusilə də, yeni seçilmiş, ilk dəfə mandat qazanmış millət vəkillərinə özlərini ifadə edə bilmələri üçün hər cür imkan və şərait yaradıldı. Burada da təbii ki, spiker kimi, Sahibə xanım Qafarovanın demokratik idarəçiliyi müstəsna rol oynadı və oynamaqdadır.
Bəli, çox təəssüflər olsun ki, 6-cı çağırış parlamentin fəaliyyətə başlaması ilə dünyada yaşanan koronavirus pandemiyası bizdən də, ölkəmizdən də yan keçmədi və bu da nəticə etibarı ilə Milli Məclisin fəaliyyətinə müəyyən təsirlər göstərdi. Xüsusilə, komitə iclasları ilk dəfə olaraq onlayn şəkildə keçirilməyə başlandı. Ancaq bütün bunlara, müəyyən fasilələrə, uzanmalara baxmayaraq, həm parlament, həm də parlamentarilər öz üzərlərinə düşən vəzifələrin öhdəsindən gələ bildilər, koronavirus pandemiyasının zərərlərinin minimum endirilməsi, insanlara dəstək olunması istiqamətində ölkə basçısının mütəmadi təşəbbüsləri ilə bir çox qanunlara, məcəllələrə çox mühüm və önəmli dəyişikliklər edildi. Eyni zamanda, koronavirusdan qorunmaq üçün ölkə vətəndaşlarına dəfələrlə çağırışlar edildi, hər bir millət vəkili həmin çətin günlərdə öz seçiçilərinin yanında olmağa çalışdı…
Xüsusilə, parlamentin payız sessiyası ölkəmiz, bəlkə də dünyamız üçün ən mühüm hadisə ilə bir vaxta, üst-üstə düşdü. Belə ki, payız sessiyasının başlamasına sayılı günlər qaldığı bir vaxtda Müzəffər Ali Baş Komandanın, Qalib Sərkərdə-ölkə Prezidenti cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusuna döyüş, “vur” əmri verildi, tarixi İkinci Vətən Müharibəsi başladı. Və müharibənin ilk günü, payız sessiyasından 3 gün öncə Milli Məclis xüsusi iclas çağıraraq, ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı qərar layihəsini qəbul etdi. Həmin qərar layihəsi imzalanaraq, hüquqi qüvvəsinə mindi.
Beləliklə, 44 günlük İkinci Vətən Müharibəsi dönəmində də parlament və parlamentarilər öz üzərlərinə düşən missiyanın öhdəsindən layiqincə gəlməyə çalışdı və deyərdim ki, buna da nail oldu. Hər bir millət vəkili də Vətəninin əsgərinə, müsəlləh bir əsgərə çevrildi, xalqının, seçicisinin, dövlətinin yanında oldu, Qələbəmiz, Zəfərimiz üçün öz mənəvi-siyasi-hüquqi dəstəyini əsirgəmədi. Bəli, cəmi 44 günə 32 illik münaqişəyə son qoyuldu, son qoyduq. Bu münaqişəyə, müharibəyə Qələbə ilə, Zəfər ilə son qoyduq. Tarixə 44 günlük Qələbə, Zəfər Dastanı yazdıq. Çox qürurvericidir ki, məhz 6-cı çağırış parlamentin üzvləri Zəfər və Qələbə Dastanının yazılmasının canlı şahidləri və iştirakçıları oldu. 6-cı çağırış parlament həm də Qələbə və Zəfər parlamentidir!
Bəli, 44 günlük müharibə ilə əlaqədar parlamentin iş rejimində də müəyyən dəyişikliklər baş verdi, büdcə müzakirələri bir az ləngidi. Ancaq buna baxmayaraq, ötən ilin sonlarına yaxın, payız sessiyasının son iclaslarında 2021-ci ilin dövlət büdcəsi, büdcə zərfi hərtərəfli müzakirələrdən keçirilərək qəbul olundu, belə demək mümkünsə, Azərbaycanın Qələbə, Zəfər büdcəsi qəbul edildi.
Artıq həm parlament seçkilərindən, həm də yeni tərkibli parlamentin fəaliyyətə başlamasından bir il vaxt keçir. Artıq 6-cı çağırış parlamentin ikinci ili başlayıb, bir neçə gün öncə yaz sessiyasının ilk iclası keçirildi. Bu bir il ərzində çox mühüm qanun layihələri müzakirələrdən keçirilərək qəbul olunub, millət vəkillərinin ölkəmizin inkişafı, qanunvericiliyimizin təkmilləşdirilməsi ilə bağlı çox mühüm və dəyərli çıxışları, təklifləri olub. Təbii ki, qanunvericilik bazasının təkmiləşdirilməsində, qanun yaradıcılığı prosesində də həmin təkliflərdən zaman-zaman istifadə olunacaq, necə ki, indiyə qədər də bu praktika özünü göstərib.
Bəli, özünün ikinci ilini yaşayan parlamenti ölkəmiz, dövlətimiz kimi, çox böyük işlər, hədəflər gözləyir. Ölkəmiz artıq Qarabağın, işğaldan azad olunmuş yurd yerlərimizin bərpası, tərəqqisi, dirçəldilməsi prosesinə start verib. Bu, çox uzun, çox vaxt tələb edən bir dövr, prosesdir, həm də şərəfli bir missiyadır. Nə xoşbəxt insanlarıq, nə xobəxt, şanlı millət vəkilləriyik ki, bizlər də bu prosesi yaxından izləyirik, bizlər də onun canlı iştirakçısıyıq. Bəli, bu hədəflərə çatmaqda da millət vəkillərinin, parlamentin üzərinə böyük vəzifələr düşür və inanıram ki, bu prosesdə də əməyimiz, zəhmətimiz, qatqımız olacaq.
Bəli, Azərbaycan bu günə kimi, hər zaman mümkün olmayanları belə mümkün etdi, necə ki, Qarabağın işğaldan azad edilməsi çoxlarına fantaziya, yuxu kimi gəlirdi. Amma biz bunu da etdik, bunu da bacardır, öz LİDERimizlə, öz Ordumuzla, öz Əsgərimizlə etdik. Öz gücümüzlə, öz həmrəyliyimizlə, öz milli birliyimizlə Qarabağımıza, Qarabağlı Azərbaycanımıza qovuşduq. Bunu da bacaracağıq, bunu da edəcəyik. Qarabağımızı, mədəniyyət paytaxtımız Şuşamızı da yenidən bərpa edəcəyik, yenidən öz ayaqları üstünə qaldıracağıq, yenidən dirçəldəcəyik, yenidən cənnət məkana çevirəcəyik. Bacardıq, bacarırıq, bacaracağıq!
Jalə ƏLİYEVA
Millət vəkili,
Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri
Komitəsinin sədr müavini