Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir
Biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq.
Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib.
“Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər. Biz onların hərbi əsirlərini, həlak olanların cəsədlərini verdik. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə erməni tərəfin nümayəndələri, sülhməramlı missiya və bizim nümayəndələr birlikdə mindən çox həlak olmuş erməni hərbi qulluqçusunun cəsədlərini tapdılar və erməni tərəfə verdilər”, -deyə dövlətimizin başçısı əlavə edib.
Prezident deyib ki, biz özümüzü əxlaq normalarına və ümumbəşəri davranış normalarına müvafiq şəkildə aparırıq: “Lakin minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Belə olan təqdirdə birtərəfli əməkdaşlıq ola bilməz”.