Türkiyə gəncləri XOCALIYA ƏDALƏT tələb edir – FOTO
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondu (TUGVA) tərəfindən İstanbul şəhərində silsilə tədbirlər təşkil olunub.
Fonddan 1news.az-a bildirilib ki, “Aya Sofya” məscidi qarşısında İstanbulda fəaliyyət göstərən yerli və xarici media qurumlarına Türkiyə gəncləri adından bəyanat səsləndirilib və televiziya kanallarına müsahibələr verilib. Bəyanatda Xocalı soyqırımının tanınması və cinayətkarların məsuliyyətə cəlb olunması ilə bağlı beynəlxalq təşkilatlara çağırış əks olunmuş və soyqırımı həqiqətlərinin yayılmasında Azərbaycanla həmrəylik ifadə edilmişdir.
Sonra TUGVA Mərkəzində Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun birgə həyata keçirdiyi “Qarabağ zəfəri” rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət sərginin açılışı baş tutub.
Həmçinin, Mərkəzdə Türkiyənin bütün bölgələrinin gənclərinin iştirakı ilə geniş onlayn tədbir keçirilmişdir. Tədbirdə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı barədə məlumat verilmişdir. Bildirilmişdir ki, mülki azərbaycanlılara qarşı qətliam siyasəti Ermənistan siyasi-hərbi rəhbərliyinin fəaliyyətinin dəyişməz istiqaməti olmuşdur. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Qarabağı azad etdiyi 44 günlük Vətən müharibəsi dövründə də ermənilər tərəfindən şəhər və rayonlarımız atəşə tutulmuş, mülki insanlar qətlə yetirilmişdir. Cinayətkarların məsuliyyətə cəlb edilməsi və Xocalı soyqırımı qurbanlarının xatirəsinin uca tutulması naminə iki ölkə gənclərinin birgə təbliğat işini davam etdirəcəyi qərarlaşdırılmışdır.
Onlayn toplantıda Xocalı hadisələrinə həsr olunmuş, “Kiçik Oskar” adlandırılan “Accolade Qlobal Film Competition” nəşrinin ən yüksək mükafatına layiq görülmuş “Sonsuz dəhliz” filmi də nümayiş etdirilib. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində çəkilmiş film toplantı iştirakçıları tərəfindən böyük diqqət və dərin kədərlə qarşılanıb.
Tədbirlərdə Türkiyə Gənclər Fondunun sədri Enes Eminoğlu, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Millət vəkili Naqif Həmzəyev və Xocalı soyqırımının canlı şahidi, Xocalıda atası və 7 yaşlı bacısı qətlə yetirilən Xəzəngül Əmirova çıxış etmişlər.
Tədbirlər çərçivəsində hər iki ölkə nümayəndələrinin iştirakı ilə İstanbulun Sarıyer bölgəsində Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsi və “Xocalı” abidəsinin ziyarət edilməsi də nəzərdə tutulmuşdur.