Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
O dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalamış olarıq. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq.
Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, yarımmüstəmləkə kimi yaşaya bilərdi.
AZƏRTAC xəbər verir ki, bunu Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında Ulu Öndərin Vətəni və xalqı qarşısında xidmətlərindən danışarkən bildirib.
Dövlətimizin başçısı deyib: “Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə kimi bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur. Dövlətçiliyin əsasları qoyulmuşdur. 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. Nə üçün Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtı var idi. Nə üçün? Çünki onların da əli qana – Azərbaycan xalqının qanına batmışdır. Onlar da 20 Yanvar faciəsini ört-basdır etmək istəyirdilər”.
Prezident vurğulayıb ki, yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi. “Konstitusiya yalnız Heydər Əliyevin dövründə qəbul edildi. Senzura məhz onun göstərişi ilə, Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura onun tərəfindən ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Biz beynəlxalq təcriddən çıxdıq. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başlandı. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna start verildi. Bizim nizami ordumuz yox idi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün ölkəmizin müxtəlif sahələrində öz töhfəsini verirlər”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.