Naqif Həmzəyev: “Əfv sərəncamı dövlətin humanistliyini göstərir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Naqif Həmzəyev: “Əfv sərəncamı dövlətin humanistliyini göstərir”

Qafar Ağayev10:53 - 19 / 03 / 2021
Naqif Həmzəyev: “Əfv sərəncamı dövlətin humanistliyini göstərir”

Məlum olduğu kimi, Prezident İlham Əliyev 18 mart 2021-ci il tarixdə “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı Sərəncam ümumilikdə 625 nəfərə şamil olunub. Onlardan 475 şəxs azadlıqdan məhrumetmə cəzasından azad olunmuş, 98 şəxsin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə ilə cəzası ilə əvəz edilmiş, 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad olunub.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Prezident İlham Əliyev hər zaman humanist addımlar atır, məhbusları və onların yaxınlarını sevindirir:

“Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın da milllət vəkili olduğu vaxt ölkə rəhbərliyi qarşısında bununla bağlı məsələ qaldırdığının şahidi olmuşuq. Növbəti Novruz bayramı ərəfəsində belə bir əfv sərəncamının verilməsi hər kəs tərəfindən gözlənilən və arzu olunan idi. Görüldüyü kimi Sərəncam çox geniş bir məhbus kütləsini, müxtəlif cəzaları olan şəxslər əhatə edir”.

Deputat bu addımların növbəti vaxtlarda da davam etdiriləcəyinə əminliyini ifadə edib:

“Dövlətçiliyə ziyan vurmamış, dövlətçiliyi təhdid etməmiş, məhbus dönəmində öz günahını, səhvini anlamış şəxslərə yeni bir şans verildi. Bu da dövlətin humanistliyini göstərir. İstənilən halda bu yaxşı qarşılandı. Bu məhbuslar arasında Gəncə şəhərindən olanlar da var, biz buna görə cənab Prezidentə təşəkkür edirik. Vətən müharibəsində şəhid olanların, qazi olanların yaxın qohumları və birbaşa olaraq ən yaxın qohumlarının da əfv olunması bizi sevindirdi”.

Deputat bildirib ki, Azərbaycan Vətən müharibəsində zəfər çaldıqdan sonra yalnız ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də hər kəsi sülh və gələcəyə doğru addımlar atmağa çağırış etmişik:

“Möhtərəm Prezidentimizin əsas istəyi odur ki, bölgəyə sülh gəlsin. Sərəncamdan da göründüyü kimi əfv sərəncamında ömürlük həbs olunan şəxslərin də adı var. Onların məhbus dönəmi müddət olaraq müəyyənləşdirildi. Bu da onu göstərir ki, biz əvvəlki düşməmçiliyi davam etdirmək istəmirik, əvvəl baş vermiş cinayətlərin müəyyən dərəcədə arxada qaldığı mesajını veririk. Həmçinin bölgədə, MDB məkanında, xüsusilə də qonşularımız üçün mesajdır ki, düşmənçiliyi aradan qaldırsınlar və sülh və gələcəyə doğru addımlar atsınlar.

İstənilən halda Azərbaycan hökuməti tərəfindən, cənab Prezident tərəfindən həyata keçirilən bu layihələr çox nümunəvidir. Əfv sərəncamı da buna bir misaldır. Düşünürəm ki, hamı bu əfvdən öz payını götürəcək, mesajını alacaq. Ümumiyyətlə, biz cinayətkarlığa qarşı tamamilə fərqli metodlarda mübarizə aparacağıq. Gələcəkdə tək Azərbaycanda deyil, bölgədə ağır cinayətlərin sayı kəskin azalacaq”.

Paylaş:
652

Son xəbərlər

Bütün xəbərlər