İslam Əməkdaşlıq Təşkilatından Azərbaycana tam dəstək: ermənilər ifşa edilir – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

İslam Əməkdaşlıq Təşkilatından Azərbaycana tam dəstək: ermənilər ifşa edilir – TƏHLİL

17:40 - 08 / 04 / 2021
İslam Əməkdaşlıq Təşkilatından Azərbaycana tam dəstək: ermənilər ifşa edilir – TƏHLİL

Tarixən Azərbaycana qarşı təcavüzkar siyasət yürütməsinə, xalqımıza qarşı qığrınlar, soyqırımlar törətməsinə baxmayaraq Ermənistanı dəstəkləyən, ona yardım edən beynəlxalq təşkilatların sayı az deyil. Ölkəmizə qarşı ikili standartlardan çıxış edən bu təşkilatlar üçün önəmli olan kimin haqlı tərəf olması, işğala, təcavüzə mərzu qalması deyil, şəxsi maraqlarıdır.

Sevindirici haldır ki, haqlı mübarizəsində Azərbaycana dəstək verən beynəlxalq təşkilatlar da var. Onlardan biri, hətta deyərdim ki, birincisi İslam Əməkdaşlıq Təşkilatıdır (İƏT).

Məlumat üçün bildirim ki, Azərbaycan 1991-ci il dekabrın 8-də İƏT-in Dakarda keçirilən dövlət və hökumət başçılarının 5-ci konfransında tamhüquqlu üzv kimi təşkilata qəbul olunub. Bu barədə qərar Dakar sammitinin yekun kommunikesinin 14-cü maddəsində əksini tapıb. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, İKT Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilatdır.

İslam dövlətlərinin birliyi və həmrəyliyinə xidmət edən İKT üzv dövlətlərin üzləşdikləri münaqişələrin aradan qaldırılması üçün də addımlar atır. Onun orqanları islam ölkələri ilə bağlı münaqişələr və bu ölkələrin məruz qaldığı təcavüzlərin qiymətləndirilməsində müvafiq qərarlar qəbul edir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü birinci dəfə İKT-nin Xarici İşlər Nazirləri Şurasının Kəraçidə keçirilən sessiyasında müvafiq qətnamə ilə ittiham olunub.

Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ilin dekabrında ərəb ölkələrinə səfəri çərçivəsində Qatarda olarkən İKT-ni bir daha Ermənistanın Azərbaycana təcavüzünə qarşı BMT-də də həmrəyliyə çağırıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin İKT ilə əməkdaşlığı daha da gücləndirilib. 2004-cü ildə İslam Konfransı Təşkilatının Gənclər Forumunun təsis yığıncağı Azərbaycanda keçirilib.

Erməni təbliğatına baxmayaraq İKT Dağlıq Qarabağ münaqişəsində Ermənistanı ittiham edən addımlarını davam etdirib. 2006-cı ilin yayında İKT Xarici İşlər Nazirlərinin Bakı görüşündə, 2006-cı ilin dekabrında Dağlıq Qarabağ separatçı rejiminin keçirdiyi qanunsuz seçkilərlə bağlı təşkilat Azərbaycanı müdafiə edən bəyanatlar verib.

Təşkilat həmçinin İslam İnkişaf Bankı və digər islam xeyriyyə cəmiyyətləri vasitəsilə Azərbaycana, Ermənistanın təcavüzü nəticəsində öz torpaqlarından zorla qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə iqtisadi və humanitar yardımlar göstərilməsini təmin edib.

Bu gün Azərbayan İƏT-in ən fəal üzvlərindən biridir. Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb.

Aprelin 6-da İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə tanışlıq məqsədilə işğaldan azad edilmiş Ağdam rayonu və Gəncə şəhərinə səfəri sözügedən təşkilatın ölkəmizə növbəti dəstəyi kimi də qiymətləndirilə bilər. Səfər zamanı işğaldan azad edilmiş ərazilərdə erməni vandallarının törətdiyi dağıntılardan, cinyətləri öz gözləri ilə görən İƏT Təmas Qrupunun nümayəndələri Ermənistan rəhbərliyini kəskin tənqid etməklə yanaşı Azərbaycana dəstəklərini nümayiş etdiriblər.

İƏT-in baş katibinin müavini Əhməd Kaseva Sengendo mətbuata açıqlamasında İƏT-in Azərbaycanın öz ərazilərini azad etmək hüququnu dəstəklədiyini söyləyib: “İƏT-in bütün üzv dövlətləri Azərbaycanı dəstəkləyir. İƏT bu məsələdə qəti mövqeyini nümayiş etdirib”.

Pakistanın Təmas Qrupundakı daimi nümayəndəsi Rizvan Səid Şeyx ermənilərin 30 il ərzində işğal altında saxladıqları Azərbaycan ərazilərində böyük dağıntılar törətmələrindən təəssüfləndiyini bildirib:

“30 il ərzində ermənilər tərəfindən törədilmiş böyük dağıntıları öz gözlərimizlə görməyə gəlmişik. İƏT, Pakistan hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycana öz siyasi dəstəyini göstərib.

Mən Təmas Qrupunun üzvü kimi Azərbaycan xalqını müharibədə əldə etdiyi qələbə münasibətilə təbrik edirəm. Gələn il İslamabadda İƏT xarici işlər nazirlərinin görüşü keçiriləcək və həmin görüşdə biz gördüklərimiz barədə məruzə edəcəyik və bütün İƏT-ə üzv ölkələri işğaldan azad edilmiş ərazilərin bərpasına kömək göstərməyə çağıracağıq”.

Təmas Qrupunun digər üzvləri də ermənilərin Qarabağda törətdikləri cinayətləri, vandallıq aktlarını kəskin şəkildə pisləməklə yanaşı, ölkəmizə dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupu səfərin yekunları ilə bağlı hesabatını tərtib edəcək. Bunu Pakistanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx İƏT nümayəndə heyətinin Ağdam və Gəncəyə səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, hesabat üzv dövlətlərə təqdim ediləcək: “Hesabat İƏT Xarici İşlər Nazirləri Şurasının qətnamələr hazırlaması üçün əsas olacaq”.

Politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Nəzakət Məmmədova 1news.az-a açıqlamasında bildirib ki, 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv olduqdan sonra Azərbaycan bu təşkilat çərçivəsində fəal iştirakçıya çevrilib və İslam Əməkdaşlıq Təşkilatı ilə mühüm önəm kəsb edən münasibətlərinin daha da möhkəmləndirilməsinin tərəfdarı kimi çıxış edir:

“Azərbaycan həmişə İslam dünyasında öz yeri, mövqeyi olan ölkə olub və öz rolunu bu gün də layiqincə davam etdirməkdədir. Mənəvi varisi sayıldığımız Səfəvilər imperiyasının böyük bir hissəsi həm də bir çox Yaxın Şərq ölkələrini əhatə edib. İlkin orta əsrlərdən başlayaraq Azərbaycanın çox görkəmli ədibləri, elm adamları, filosofları xilafətin mədəni inkişafina mühüm töhfələr veriblər. İslami dəyərlər onların bütün kəşflərinin, yaradıcılıqlarının əsas mahiyyətini, özəyini təşkil edib. Biz bütün Orta əsrlər boyunca nəinki xilafət dövründə, hətta onun süqutundan sonra belə İslam dünyasının siyasi, iqtisadi-ticarət, elmi, mədəni, hərbi sistemində mühüm rol oynamış, öz sözünü deyib iz buraxmış bir xalqıq”.

İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı təcavüzkar qismində tanıyan və pisləyən ilk beynəlxalq təşkilat olmasına diqqət çəkən politoloqun sözlərinə görə, İƏT-in bu həyati əhəmiyyətli məsələyə dair aydın və ədalətli mövqeyi həmin təşkilatla münasibətlərimizin yüksələn xətlə inkişafına əlverişli zəmin yaradıb:

“İşğalçı Ermənistan 1.5 milyardlıq böyük İslam dünyasında Dağlıq Qarabağ məsələsi və saxta “soyqırım” iddiası ilə bağlı özünə daim müttəfiqlər axtarır, uydurma “erməni iddiası”na yanaşmada müsəlman dünyasındakı ənənəvi mövqeyi öz xeyrinə dəyişməyə çalışır. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyü məsələsini birmənalı surətdə müdafiə edən əsas təşkilatdır. Şübhəsiz ki, din amili burada əsas rol oynayıb. Lakin bir amili də unutmaq olmaz ki, İran, Türkiyə, Pakistan kimi müsəlman ölkələrini çıxsaq, bu təşkilatın yerdə qalan üzvləri ərəb ölkələridir. Ermənilərin isə ərəb dünyası ilə sıx əlaqələri var. Belə bir şəraitdə İslam dünyasını tam müttəfiqə çevirmək zərurəti var. İslam ölkələrinin Ermənistanla əlaqələrinin zəifləməsi üçün ilk növbədə onların öz aralarında dini həmrəylik, təəssübkeşlik hissləri güclənməlidir”.

Regionda gedən siyasi proseslərə də toxunan N.Məmmədova bu gün bəzi qüvvələrin Şərqlə Qərbi üz-üzə qoyduğunu, bundan öz mənafeləri naminə istifadə etməyə çalışdıqlarını söyləyib:

“Burada təbii ki, geosiyasi, iqtisadi-maliyyə və s.maraqlar mövcuddur. Bir sıra ölkələr hətta bu məqsədlə terror təşkilatlarını maliyyələşdirir, öz məqsədlərinə çatmaq üçün barbar üsullardan istifadə edir. Halbuki, onlar həm də o ölkələrdir ki, dünyada insan haqlarının, söz azadlığının carçısı kimi çıxış edir, haqli-haqsız digər ölkələrə iradlar bildirir, iddialar irəli sürürlər. Bu ölkələr tarixən müstəmləkə əsarətində saxladıqları ölkələrə yenə də öz koloniyası kimi baxır, onları öz nüfuz dairəsindən buraxmağa imkan vermirlər. Nəinki keçmiş müstəmləkələrə, hətta bütün dünyaya, onun resurslarına hökmranlıq iddiası o qədər böyükdür ki, bu məqsədə çatmaq üçün bütün vasitələr məqbul hesab olunur. Heç kəs təmənnasız şəkildə bəşəriyyətin dialoqu işinə töhfə vermək barədə düşünmür, yalnız öz məkrli planlarının, mənafeyinin təmin olunması qayğısına qalır.

Dünya bu gün çətin bir mərhələdən keçir, bugünkü proseslər və qərarlar bəşəriyyətin gələcəyi naminə çox şeyi dəyişəcək. İnsanlar kimi dövlətlərin də mənəvi keyfiyyətləri, davranışı məhz indi özünü daha qabarıq büruzə verir, sınağa çəkilir. Bu sınaqdan üzü ag çıxan dövlətlər dünya tarixində şanlı bir səhifə yazacaq, çünki tarix hər şeyə özü qiymət verir. Bizim ölkəmiz ədalətli, obyektiv mövqe tutmaqla yanaşı, yasadığımız bölgədə və digər regionlarda sülh və sabitliyin inkişafına çalışır, bunun üçün əlindən gələni edir”.

B.Cahandarov

Paylaş:
659

Son xəbərlər

Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58
Bütün xəbərlər