“Xarici diplomatların və medianın işğaldan azad olunmuş ərazilərə səfərləri beynəlxalq təbliğat baxımdan mühüm əhəmiyyətə malikdir” – Tural İsmayılov
“Ağdama və işğaldan azad olunan ərazilərə səfərlərin mühüm əhəmiyyəti var”.
Bu sözləri 1news.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat Xidməti rəhbərinin müavini, politoloq Tural İsmayılov söyləyib:
“Azərbaycan 44 günlük Vətən Müharibəsi dövründə dostlarını da, düşmənlərini də bir daha gördü. 30 ilə yaxındır ki, işğalçı mahiyyətini bütün dünyanın gözü önündə çəkinmədən nümayiş etdirən Ermənistan təkcə torpaqları işğal etməyib, həm də işğal altında saxladığı ərazilərdə ekoloji və mədəni qoyqırım həyata keçirib. Bu illər ərzində beynəlxalq hüquqdan, ədalətdən danışan xarici qurumlar, QHT-lər Ermənistanın işğal altında saxladığı ərazilərdə hansı hoqqalardan çıxdığını araşdırmayıb. Azərbaycana qarşı 30 il boyunca haqsızlıq edən həmin təşkilatlar Azərbaycan ictmaiyyətinin haqlı narazılığını qazanaraq, özlərinə qarşı olan bütün etimad və inamı birdəfəlik itiriblər.”
Bu baxımdan diplomatların və jurnalistlərin işğaldan azad olunan ərazilərə mütəmadi səfərlərinin mühüm əhəmiyyəti olduğunu qeyd edən ekspert vurğulayıb:
“Mütəmadi olaraq dünyanın müxtəlif ölkələrini təmsil edən səfirlik işçilərinin, konsulların, media nümayəndələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin işğaldan azad olunan bölgələrə səfərləri müstəsna əhəmiyyətə malikdir. Bütün dünya bir daha erməni faşizminin əsl sifətini görür. Anlayırlar ki, erməni işğalçı faşizmi təkcə Azərbaycana qarşı deyil, bütün dünya ekologiyasına və mədəni mirasına qarşı yönəlmiş barbarlıqdır. Düşünürəm ki, işğaldan azad olunan bölgələrdəki dağıntıları görən diplomatlar üçün erməni işğalçılıq ideologiyasının gələcəkdə başqa bölgələrdə də təkrarlanmaması üçün səfərlərdə gəlinən qənaətlər də önəmlidir.
Bu günə qədər Ağdamda, Füzulidə və başqa ərazilərdəki dağıntıları görən beynəlxalq ictimaiyyət səfərlərdəki təəssüratlarını öz bloqlarında, ölkələrinin mediasında, sosial mediada yaymaqla qəsbkarlığın real təhdidini tirajlayırlar. Qarabağ zəfərimizdən sonra Ermənistan xuntasının törətdiyi vəhşiliklərin ifşası 24 apreldəki qondarma erməni şousuna da böyük zərbə vurdu. Göstərildi ki, əsl soyqırım törədən və məhv edən zehniyyət kimlərə məxsusdur”.
Sonda ekspert bildirib ki, Qarabağ zəfəri uzun illər dünya gündəminin əsas müzakirə mövzusu olacaq.
1news.az