Hərbi Qənimətlər Parkı – şanlı qələbəmizin rəmzi – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Hərbi Qənimətlər Parkı – şanlı qələbəmizin rəmzi – TƏHLİL

17:40 - 13 / 04 / 2021
Hərbi Qənimətlər Parkı – şanlı qələbəmizin rəmzi – TƏHLİL

Məlum olduğu kimi, müzəffər Ordumuz cəmi 44 günlük İkinci Qarabağ müharibəsi zamanı əsl qəhrəmanlıq dastanı yazaraq möhtəşəm qələbə qazandı. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi, işğal edilmiş torpaqlarımz düşmən tapdağından azad edildi.

Ordumuzun qarşısında duruş gətirə bilməyən düşmən əsgərləri sözün həqiqi mənasında, mövqelərini qoyub qaçırdılar. Ordumuz isə bir-birinin ardınca işğal altında olan yaşayış məntəqələrimizi azad etməklə yanaşı ermənilərin qoyub qaçdığı atıcı silahları, ağır texnikaları, raket komplekslərini, hərbi nəqliyyatları və digər sursatları qənimət kimi ələ keçirdi.

Müharibənin başa çatmasından az sonra, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı zamanı düşmənin qənimət kimi ələ keçirilən hərbi texnikaları da nümayiş etdirilib. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürüb. Çox qısa zamanda görülən genişmiqyaslı işlər artıq yekunlaşıb: açıq səma altında nadir park salınıb.

Aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən Prezident İlham Əliyev parkla tanışlıqdan sonra Qələbəmizin memarları olan hərbi qulluqçuların qarşısında çıxış edərək təntənəli mərasimin yerinin təsadüfən seçilmədiyini bildirib:

“Bugünkü təntənəli mərasimin yeri təsadüfən seçilmədi. Biz bu mərasimi Yeni Bulvarda keçiririk. Yeni Bulvar mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl salınmışdır. Yeni Bulvarın uzunluğu 12 kilometrdir. Müqayisə üçün deyə bilərəm ki, köhnə bulvarın uzunluğu cəmi 3 kilometrdir. Bu bulvarın salınması dövlətimizin qüdrətini göstərirdi, xalqa olan qayğını göstərirdi. Bu, yenilik idi, inkişaf idi, bu, bizim gücümüzün təzahürü idi. İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq”.

Dövlət başçısı bildirib ki, Hərbi Qənimətlər Parkına gələn hər bir insan Azərbaycan Ordusunun gücünü görəcək:

“Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər”.

Prezident İlham Əliyev gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ən vacib məsələlərdən biri olduğunu vurğulayıb:

“Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ən vacib məsələlərdən biridir. İkinci Qarabağ müharibəsi göstərdi ki, bu sahədə də böyük uğurlar əldə edilib. Əlbəttə ki, ilk növbədə, ordu quruculuğu. Ordunun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, peşəkarlığı, xidmət şəraiti, hərbçilərin məişət şəraiti yaxşılaşdırıldı. Elə güclü ordu yaratmışıq ki, beynəlxalq reytinqlərdə həmişə 50-ci yerlərdə idik, indi müharibədən sonra təbii ki, daha da yüksək yerlərə qalxacağıq. Müharibə dövründə gücümüzü göstərdik”.

İkinci Qarabağ müharibəsinin xalqımızın şanlı tarixi olduğunu deyən dövlət başçısının sözlərinə görə, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək:

“Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq. Onların törətdikləri vəhşilikləri görəndə adam dəhşətə gəlir. Bütün şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb. Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bu, vəhşi deyil, nədir? Vəhşi, hələ bəlkə də vəhşi o qədər də ağır söz deyil. Bütün dünya gördü ki, onların əsas ideoloji amili nə idi. Guya onlar burada azlıqda yaşayan mədəni, böyük sivilizasiyaya aid olan bir xalqdır, ətrafında da vəhşi müsəlmanlar bunları əhatə edir. Avropanın hər bir tinində bunu deyirdilər. Rusiyanın hər bir tinində bunu deyirdilər ki, bizə kömək edin, yoxsa bizi burada boğarlar. İndi hər kəs gördü bunun sivilizasiyası nədir, bunun mədəniyyəti nədir, bunun əxlaqı, mənəviyyatı nədir?! Qəbirləri dağıdan, şumlayan, ölülərin qızıl dişlərini çıxaran, məsciddə donuz saxlayan vəhşidir, başqa adı yoxdur. Bütün dünya bunu görüb və daha da çox görəcək.

İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”.

Hərbi Qənimətlər Parkının açılmasına və Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışına münasibət bildirən Milli Məclisin deputatı Könül Nurullayevanın sözlərinə görə, Bakıda açılışı olan Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının əldə etdiyi Böyük Qələbəni əbədiləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan rəsmiləri erməni tanklarının Bakıya gələcəyi ilə bağlı populist bəyanatlar səsləndirirdilər. Lakin hərbi əməliyyatların gedişi, döyüş meydanında baş verən reallıqlar göstərirdi ki, “Dəmir yumruq”la başı əzilən düşmən tanklarını qoyub qaçır, postları tərk edir, fərarilik etmək istəyən əsgər və zabitlər zorla kazarmalara qandallanırdı. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan əsgəri düşmənə məxsus hərbi texnikaları da qənimət götürürdü. Biz bu qənimətləri kütləvi şəkildə Bakıda keçirilən Zəfər paradında gördük.

“Bu gün isə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan Hərbi Qənimətlər Parkının açılışını etdi. Açıq səma altında salınan nadir park Azərbaycanda ilk təcrübədir. Bu parka gələn hər kəsdə düşmənin 30 il ərzində qurduğu müdafiə xətlərinin necə yarılması, hərbi resursların necə məhv edilməsi barədə təsəvvür yaranır. Azərbaycan Ordusunun gücü bir daha aydın görünür. Bir daha məlum olur ki, Ermənistan 30 il ərzində öz himayədarlarının dəstəyi ilə özlərinə istehkamlar qurublar. Azərbaycanın həyata keçirdiyi düzgün hərbi strategiya düşmənin bütün istehkamlarını, müdafiə xətlərini darmadağın etməyə imkan verdi”, - deyə deputat qeyd edib.

Könül Nurullayeva vurğulayıb ki, Hərbi Qənimətlər Parkının mənzərəsi də 44 günlük müharibədə baş verənləri göz önündə canlandırmağa imkan verir. Burada, həmçinin Ermənistanın Azərbaycana qarşı qadağan olunmuş silahlar vasitəsilə həyata keçirdiyi müharibə cinayətləri barədə məlumatların və real faktların əks olunması olduqca vacibdir. Bu, Ermənistanın əsl terrorçu mahiyyətini açmağa imkan verir.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev pravda.az-a açıqlamasında Hərbi Qənimətlər Parkının şanlı qələbəmizi əks etdirdiyini sözləyib:

“Dünyaya bir daha göstərdik ki, sülhə və əməkdaşlığa açıq xalq olduğumuza baxmayaraq, bizim üzərimizə kim silahla gələrsə, ona layiqincə cavab vermək imkanımız var. Hesab edirəm ki, Hərbi Qənimətlər Parkının əhəmiyyəti olduqca böyükdür və bu, şanlı qələbəmizi əks etdirən hadisədir”.

Deputat Zəfər parkını Azərbaycanın mədəni və ictimai-siyasi həyatında çox mühüm hadisə hesab edir. Onun fikrincə, tarixi mütləq yaşatmaq lazımdır, çünki istənilən xalq tarixdən nəticə çıxarmayanda acı faciələrlə üzləşir:

“Bakı şəhərinin mərkəzində belə bir parkın salınması gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin və dini ideologiyasının düzgün formalaşması baxımından olduqca əhəmiyyətlidir. Ermənilərin istifadə etdikləri silahların, vurulmuş texnikanın parkda nümayiş etdirilməsi müharibənin miqyasının necə böyük, müzəffər Azərbaycan Ordusunun nəyə qadir olduğunun, hansı qüvvələrlə vuruşduğunun əyani sübutudur. Bu, indiki vəziyyətdə ikiqat aktualdır, çünki müharibənin aktiv fazasının qurtarmasına baxmayaraq, Ermənistan cəmiyyətində bir çox siyasi qüvvələr hələ də həm Ermənistan daxilində, həm də ölkənin hüdudlarından kənarda informasiya müharibəsini davam etdirir, eyni zamanda dünyanın bir çox ölkələrində revanş çağırışları edirlər. Ermənistan 44 günlük müharibədən düzgün nəticə çıxarmadığına görə biz hər zaman hazır olmalıyıq”.

Qeyd edək ki, sabahdan başlayaraq Hərbi Qənimətlər Parkı vətəndaşların üzünə açıq olacaq. Əminik ki, arzu edən hər kəs şanlı qələbəmizin rəmzinə çevrilən bu məkanı ziyarət edən zaman müzəffər Ordumuzun şanlı qələbəsinin əyani şahidi olmaqla yanaşı, bu qələbəni qazanan ölkənin vətəndaşı olmaqdan qürur hissi keçirəcək.

1news.az

Paylaş:
764

Son xəbərlər

Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30
Bütün xəbərlər