Lavrov Qarabağ üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətindən danışıb
“Həqiqətən də bir sıra beynəlxalq məsələlərdə Ankara ilə aramızda ciddi fikir ayrılıqları var. Lakin bu bizə türkiyəli tərəfdaşlarımızla intensiv siyasi dialoqu dəstəkləməyə və müxtəlif sahələrdə - energetikadan tutmuş turizmə qədər qarşılıqlı sərfəli əməkdaşlığı inkişaf etdirməyə mane olmur”.
1news.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində deyib.
“NATO ölkəsi olan Türkiyə Vaşinqtonun ciddi təzyiqlərinə baxmayaraq, yalnız Rusiyadan qabaqcıl hərbi texnika almaqda maraqlı deyil, o, həm də müasir S-400 “Triumf” hava müdafiəsi sistemini almaq üçün müqavilə imzalayıb. Əgər Ukrayna məsələsi ilə bağlı danışırıqsa, bütün səviyyələrdə türkiyəli həmkarımıza vəziyyəti diqqətlə təhlil etmələrini və Kiyevin militarist əhval-ruhiyyəsini bəsləməyi dayandırmağı təkidlə tövsiyə edirik. Ümid edirik ki, Ankaranın xətti bizim qanuni narahatlığımız nəzərə alınaraq düzəldiləcək. Suriya ilə əlaqəli olaraq qeyd etmək vacibdir ki, Ankara ilə həm ikitərəfli, həm də İranın iştirakı ilə “Astana üçlüyü” formatında əldə olunan razılaşmalar sayəsində böhranın həlli üçün ən uyğun mexanizm yaradılıb. Vəziyyət sabitləşib və birgə səylərimizlə beynəlxalq terrorizm ocaqlarının yenidən alovlanmasının qarşısı alınır. Bundan əlavə, Rusiya, Türkiyə və İran Suriya cəmiyyətinin müxtəlif təbəqələrini birləşdirməyi və ölkənin gələcək siyasi quruluşu üzərində Konstitusiya Komitəsi formatında işlər təşkil etməyə nail olublar. Beləliklə, mövcud fikir ayrılıqlarını kiçiltmədən Türkiyə ilə əməkdaşlığı inkişaf etdirərkən ortaq maraqlarımıza dair strateji baxışı rəhbər tutmağa davam edəcəyik. Əminəm ki, bu, həm rus, həm də türk xalqlarının istəklərinə cavab verir”, - deyə S. Lavrov vurğulayıb.
XİN başçısı Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətindən də danışıb.
“Dağlıq Qarabağ münaqişəsi zonasında yanvarın 30-dan etibarən atəşkəsə və bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün türkiyəli tərəfdaşlarımızla ortaq bir mərkəz fəaliyyət göstərir. Bu mərkəz mümkün ola bilən pozuntuları yalnız vizual müşahidə metodları ilə izləyir”, - deyə o qeyd edib.