Elməddin Behbud: “Azərbaycanın bu addımından sonra Ermənistan cəmiyyəti ciddi psixoloji sarsıntıya uğrayıb”
“Azərbaycanın özünü Qafqazın pələngi hesab edənlərin əslində heç çöl pişiyi belə olmadığını cəmi 44 günə isbatlamasından sonra Ermənistan cəmiyyəti ciddi psixoloji sarsıntıya uğrayıb”
1news.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib.
“Doğrudur, Nadir şahın qətlə yetirilməsindən sonra müxtəlif hissələrə parçalanan Azərbaycan xanədanın ilk dəfə olaraq yenidən toparlanıb işğal edilmiş torpaqlarını azad etməsi, minlərlə düşmən əsgərinin, o cümlədən xeyli sayda Xocalılının qatilinin məhv olunması müstəsna hadisə, çox böyük uğurdur” – deyə, E.Behbud fikirlərinə əlavə edib:
“Amma fikrimcə erməni cəmiyyətinin dərin psixoloji sarsıntıya uğradılması, yüzlərlə ailənin hələ də meyit axtarışının nəticəsini gözləməyə məhkum olunması, “güvəndikləri dağlara qar yağmasına” şahidlik etmələri və nəhayət düşmənin yaxın illərdə (bəlkə də daha çox zaman müddətində) yaxa qurtarması mümkün olmayan məğlubiyyət sindiromuna düşməsi daha mühüm və uzun müddətli nailiyyətdir.
Bu sindiromdan nə qədər uzaqlaşmağa çalışsalar da, məğlubiyyəti guya özlərinə yaxın buraxmadıqlarını göstərmək üçün haldan-hala düşsələr də həqiqəti gizlədə bilmirlər. Ötən 9 ayın sosialoji nəticələri bu sindromun aydın əksidir.
Diqqət edək. Müharibənin əvvəlində Lələtəpəni belə yenidən işğal etməyə iddialı olan düşmən ölkənin baş nazirinin Sovet dönəmindəki sərhədlərə çəkilməyə məcbur edildikdən, kapitulyasiya aktı imzaladıqdan sonra keçirilən seçkidə 700 minə yaxın səs alıb yenidən iqtidar olması, Ermənistanı tərk edənlərin statistikasındakı böyük artımın müşahidə edilməsi, əsgər analarının övladlarını ayrı dövlətin ərazisinə – Qarabağa göndərilməsinə etiraz olaraq aksiyalar keçirməsi, hətta vaxtaşırı olaraq əllərinin hələ silah tutduğunu, ordu adlandırdıqları hərbi birləşmələrinin mövcudluğunu göstərmək üçün Rusiya və Fransanın ayaqlarına sığınıb sərhəd postlarımızı və bir sıra digər ərazilərimizi atəşə tutmaları da bunun nəticəsidir”.
E.Behbud bildirib ki, BBC və Azadlıq radiosunun Ermənistandan və ermənilərin Azərbaycanda kompakt yaşadığı ərazilərdən müntəzəm hazırladığı reportajları diqqətlə izləyənlər düşmənin vahimə içərisində olduğunu hiss etməmiş deyillər.
“Baxmayaraq ki, bu materiallar fərqli maraqlara və niyyətlərə xidmət edir. Araikin və Paşinyan hökumətinin nazirlərinin paylaşdığı video və şəkillərdəki erməni əsgərlərinin gözünün dərinliyində ancaq açıq qorxu və gərginlik duyulur. Əski özündənrazı və arxayın görünüşlü erməni hərbiçiləri sanki qeybə çəkilib. Kamera qarşısında nə danışmalarından asılı olmayaraq onlar indi sadəcə ümidsizlik içində çabalayan və qeyri-müəyyən gələcəklərindən narahat olan toplumun fərdləridir.
Bu məsələdə bir mühüm faktor da var. Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasının olmazsa olmazlığında israr etməsi, “bizim torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır” fikrini davamlı şəkildə və qətiyyətlə söyləməsi və bütün bunları açıqladığı hər bir fikrin sonadək arxasında dayanan, sözü imzası qədər etibarlı olan şəxsin dilə gətirməsinin erməni cəmiyyətinin düçar olduğu məğlubiyyət sindromunun daha da dərinləşməsində xüsusi payı var.
Əli Xocalıda və Azərbaycanın digər torpaqlarında yüzlərlə məsum körpənin və digər mülki insanların qanına batan R.Koçaryan ötən ay parlament seçkisinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qafanda söylədiyi fikri əslində Vətən müharibəsi nəticəsində Azərbaycanın qazandığı qələbənin regionda yaratdığı yeni siyasi vəziyyətin ən dolğun ifadələrindən biri hesab etmək olar. Koçaryan bildirmişdi ki, “mən ölkəni bunlara (yəni Paşinyan iqtidarına) təhvil verəndə Ermənistanın Azərbaycanla sərhədləri Beyləqan yaxınlığında idi, indi isə secicilərlə görüşü Azərbaycan bayrağının (Qafan aeraportuna qonşu olan yüksəklikdə dalğalanan dövlət bayrağımızı nəzərdə tutur) altında aparmağa məcburam””.
O bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin sentyabrın 15-dən dekabrın 15-nə qədər ehtiyatda olan hərbçilərin toplanışını həyata keçirəcəyini elan etməsi, baş nazirin sülh müqaviləsi üçün şərtlər irəli sürməsi də ermənilərin qısıldıqları dalandan çıxması baxımdan təsirsiz addımlardır.
“Ermənistan cəmiyyətində hələ də revanşist qrupların varlığına, onların siyasi təmərküzləşmə çabalarına, seçkidə qalib gəldikdən sonra Paşinyanın oyunpozanlıq xarakterli çıxışlarına rəğmən erməni siyasi elitasında çoxluq manevr imkanlarının tükəndiyini anlayır. Sadəcə bu anlayışlarının rəsmi təsbiti olacaq sülh müqaviləsi imzalamağın zəruriliyini etiraf edib postmüharibə dövründə Azərbaycanla dövlət sərhədlərinin delimitasiyası işlərinə başlamaqdan başqa optimal varinatın olmadığını birmənalı şəkildə açıqlamağa cəsarət etmirlər.
Hələlik isə iki ölkə arasında olmayan münasibətləri gözləmə vəziyyəti adlandırmaq olar. Cənab Prezidentin bu açıqlaması 10 noyabrdan sonra üçtərəfli formatda aparılan konfedensial danışıqların istiqamətini və məzmununu aydın göstərir.
Azərbaycanın diktə edən tərəf kimi mövqeyi birmənalı və dəyişilməzdir: “Biz Ermənistana gündəlik göndərmişik – Sülh müqaviləsi. Biz danışıqlara başlamağa hazırıq. Müharibə qurtarıb. Etmənistan bizim ərazi bütövlüyümüzü tanısın, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun. Ermənistan yeni reallıqları qəbul etməlidir – istəsə də, istəməsə də””.