Mərhəmət, humanizm, dövlətə və xalqa xidmət nümunəsi – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Mərhəmət, humanizm, dövlətə və xalqa xidmət nümunəsi – FOTO

S.Xankişiyeva17:28 - 25 / 08 / 2021
Mərhəmət, humanizm, dövlətə və xalqa xidmət nümunəsi – FOTO

Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti özündə bu dəyərləri birləşdirir.

Heydər Əliyev Fondu: Ümummilli Liderin zəngin ənənələrinin davamçısı

Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında körpü rolunu oynayır, həyata keçirdiyi layihələri, irəli sürdüyü təşəbbüsləri ilə bu körpünün daha da möhkəmlənməsinə töhfələr verir. Hər bir dövləti, xalqı dünyada tanıdan siyasəti ilə yanaşı, zəngin tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və dilidir.

Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən dünyada sülhün qorunmasına, sivilizasiyalararası dialoqa töhfələri xüsusi qeyd olunmalıdır. Məhz Mehriban xanımın təşəbbüsü sayəsində UNESCO və İCESCO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumu ümumbəşəri mədəniyyətə, sülhün və əmin-amanlığın bərpa olunmasına hesablanmış ən böyük addım olmuşdur. Ölkəmizdə bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü”, “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfranslar, “Dünya gənclərinin 4-cü məşğulluq sammiti”, BMT-nin Dövlət Xidmətləri Forumu, habelə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal tədbirlər reallaşdırılmışdır.

Qeyd etdiyimiz kimi, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması Mehriban xanım Əliyevanın fəaliyyətində əsas yerlərdən birini tutur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin ənənələrinin davamçısı olan Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz Azərbaycanın yüksək dəyərlərini, humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rola malikdir. Heydər Əliyev Fondunun loqosuna diqqət yetirməklə məqsəd və məram özünü aydın şəkildə ifadə edir. Göy və qızılı rənglər qurumun fəaliyyətinin təqdimatıdır. Səmanı, demokratiyanı, dincliyi, etibarlılığı, səmimiliyi, əminliyi ifadə edən göy rəng həm də milliliyin göstəricisidir. Qızılı rəng isə Günəş, sülh, inkişaf, işıqlı gələcək simvolu deməkdir. Hər iki rəng ümummilli lider Heydər Əliyevin istək və arzularının ifadəçisidir. Hər zaman Azərbaycanı sabit, inkişaf, tərəqqi yolunda görmək istəyən ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə diqqət yetirdikdə bu günümüz üçün gördüyü işlərin miqyasının nə qədər böyük olduğunu görürük. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycan qısa müddətdə dahi şəxsiyyətin ən böyük arzusu olaraq dünyaya günəş kimi doğdu. Müstəqilliyimizin ilk illərində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasını qarşıya mühüm məqsəd kimi qoyan Ümummilli Liderin gərgin səyləri nəticəsində Azərbaycan həqiqətləri dünyaya çatdırıldı. Mehriban xanım Əliyeva bildirir ki, Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti ilə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramların əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi olaraq, yüksək səviyyəli konfranslarda, festivallarda iştirak edib, eyni zamanda, belə miqyaslı tədbirlərə ev sahibliyi edib. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır. Bu fəaliyyət humanizm meyarına söykənir.

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin, həqiqətlərimizin təbliği istiqamətində həyata keçirdiyi layihələri, əldə olunan nəticələri bir yazıda əhatə etmək mümkünsüzdür. Onun muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində gördüyü işlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dünya miqyasında yüksək dəyərləndirilir. Bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə təbliğat xarakterli tədbirlərinin, müxtəlif dillərdə çap etdirdiyi kitabların, vəsaitlərin rolunu xüsusi qeyd etməliyik. Heydər Əliyev Fondunun vitse-prezidenti, həqiqətlərimizin ən fəal gənc təbliğatçısı kimi tanınan Leyla Əliyevanın «Xocalıya ədalət» kampaniyası çərçivəsində gördüyü işlərin uğurlu nəticələri göz önündədir.

Mehriban xanım Əliyevanın məqsədi, amalı Azərbaycanı beynəlxalq aləmdə zəngin mədəni irsə, mənəvi dəyərlərə malik ölkə olduğunu təqdim etməkdir

Təbii ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli-mənəvi dəyərlərində ehtiva olunur. Heydər Əliyev Fondunun fəaliyyətində tariximizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımıza, elmə, musiqimizə verilən dəyərdən qaynaqlanan addımların uğurlu nəticələrini Azərbaycanımızın bugünkü reallıqlarında görürük. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycan 2019-cu ildə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi. Bu mühüm hadisə Azərbaycanın milli-mənəvi dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunması və təbliği, eyni zamanda beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaq istiqamətində atdığı addımlara, malik olduğu təcrübəyə bir daha işıq saldı. Bu uğurumuz, eyni zamanda, Azərbaycan-UNESCO əməkdaşlığının hazırkı səviyyəsinin göstəricisi oldu. UNESCO ilə Azərbaycan arasındakı əlaqələr Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2004-cü ildə qurumun xoşməramlı səfiri seçiləndən sonra daha sürətlə inkişaf etməyə başlamışdır. Onun davamlı və ardıcıl səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alıb. Muğamın, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında əməkdaşlığın davamlılığını diqqətə çatdırır. Onu da qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi qurumun Ümumdünya İrs Siyahısına daxil edildi.

Xalqın rifahına və dövlətin inkişafına böyük dəstək

Vətənə, dövlətə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir. Dövlətimizin başçısı İlham Əliyev Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən bu kimi mühüm məqamları xüsusi vurğulayaraq bildirmişdir: «Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.» Dövlətimizin başçısı İlham Əliyevin bu etimadını yüksək dəyərləndirən Mehriban xanım Əliyeva «Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam» bildirmişdir.

2017-ci ilin fevralından ötən 4 ildən artıq dövrə nəzər salsaq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu məsuliyyətli və şərəfli vəzifənin də öhdəsindən ləyaqətlə gəldiyini böyük qürur və fəxr hissi ilə qeyd edə bilərik. Birinci vitse-prezident kimi ilk müşavirəsini artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin problemlərinə həsr edən Mehriban Əliyeva daim əhalinin bu həssas təbəqəsinin yanında olur, onları narahat edən məsələləri birbaşa öz dillərindən dinləyir. Hər zaman da bu əminlik ifadə edilirdi ki, yaradılan bu şərait müvəqqəti xarakter daşıyır. Tezliklə münaqişə öz həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.

Bu gün həmin istəyin, arzunun reallığa çevrildiyinin sevincini yaşayırıq. Soydaşlarımız «artıq biz qaçqın deyilik» söyləyərək Böyük Qayıdışı gözləyirlər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfərləri, burada görülən bərpa və quruculuq işləri ilə yaxından tanış olmaları, yeni obyektlərin təməlqoyma mərasimlərində iştirak etmələri və sair kimi biri-birindən mühüm addımlar tarixə çevrilir. Artıq işğaldan azad olunmuş tarixi torpaqlarımız əsl cənnət məkana çevrilir.

Ölkəmizdə vitse-prezidentlik institutunun yaradılması idarəçilik sistemində təkmilləşməyə, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə və zamanında nail olmağa xidmət edir. Bu baxımdan Mehriban xanım Əliyevanın hər zaman olduğu kimi, Azərbaycanın Birinci vitse-prezidenti kimi daxili siyasət sahəsində əsas fəaliyyət istiqamətləri dövlət idarəetməsində çevikliyin təmin olunması istiqamətində fəaliyyətin təşkili; ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı; sağlamlığının qorunması; sosial baxımdan daha həssas əhali qruplarının (şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və s.) problemlərinin həlli; Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin, ənənələrin öyrənilməsi, bərpası, onların yerli və dünya mədəni irsi kimi qorunması, dünyada tanıdılması işləri; ölkədə idman hərəkatının davamlılığının təmin olunması; ekoloji problemlərin həllinə dəstək göstərilməsi; böhran zamanı effektiv idarəetmə, pandemiya zamanı əhalinin ehtiyaclarının qarşılanması və tibbi, sosial dəstək layihələrinin reallaşdırılması; hazırkı dövrdə işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsidir. Çoxşaxəli fəaliyyətin özündə ehtiva etdiyi və daim dəyişməz qəbul olunan prinsip isə məsuliyyətdir. Mehriban xanım Əliyevanın müsahibələrində qeyd etdiyi kimi, məsuliyyətin və yerinə yetirilən vəzifənin böyüklüyü, kiçikliyi yoxdur. Yalnız xalqa, dövlətə xidmət istəyi, insanları sevindirəcək, imkansızlara yardım, humanistlik və xeyirxahlıq duyğuları vardır.

Dahi şəxsiyyətin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası uğurlarımızın bələdçisidir

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının yeni hədəflərə doğru inamla irəliləməsinə töhfələrini də qeyd etməliyik. Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq Yeni Azərbaycan Partiyası bu il martın 5-də VII qurultayını keçirdi. Qurultay yeni qərarlarla, struktur dəyişikliklərlə, yeni tərkibin formalaşması ilə tarixə yazıldı. Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır. Bütün fəaliyyəti ilə uğurlara imza atan Mehriban xanım Əliyevanın amalı, fədakarlığı, ictimai- siyasi mövqeyi hər kəs üçün nümunədir, örnəkdir. Mehriban xanım Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim inamla addımlayır və məsuliyyətin uğurların davamlılığında əsas rol oynadığını təsdiqləyir.

Ən çətin anlarda xalqın yanında olmaq…

Artıq iki ilə yaxındır ki, dünya, o cümlədən ölkəmiz COVID-19 pandemiyası ilə mübarizə aparır. Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində idarəetmədə güc birliyi təmin olunmuşdur. Onun tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirildi. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi belə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus infeksiyası ilə bağlı xalqa bütün müraciətlərində COVID-19 kimi qorxulu hekayənin başa çatacağına inam ifadə edilməklə yanaşı, buna əsas verən əminlik də diqqətə çatdırılırdı: «Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram!

Dünyaya səs salan tarixi Zəfərimiz və hədəflər

Azərbaycan 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Tarixi Zəfərimiz ölkəmizin qarşısında yeni reallıqlar yaratdı. Dövlət başçısı İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın son 9 ayda dəfələrlə işğaldan azad edilmiş ərazilərimizə səfərləri bu sevincin xalqımızla bölüşmək istəklərini nümayiş etdirir. Prezident İlham Əliyevin hər vədini konkret əməli ilə təsdiqləməklə yanaşı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirməsindən keçirdiyi xoşbəxtlik hissi hər bir çıxışında, xalqa müraciətlərində xüsusi yer alır. Bu gün Mehriban xanım Əliyevanın Azərbaycanın bütün sahələrdə inkişafı, dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi istiqamətində atdığı addımlar ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müzəffər liderliyini uğurla tamamlayır. Mehriban xanım Əliyevanın 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən yeganə arzusu bu oldu: "Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!". Mehriban xanım eyni zamanda, bildirirdi ki, Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!
Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!

Mədəniyyətimizin paytaxtına qayıdışın möhtəşəm nümayişi-«Xarıbülbül» musiqi festivalı

Qeyd etdiyimiz kimi, Qarabağımız əzəli sahibinə qayıtdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə may ayının 12-13-də Şuşa, Cıdır düzü 28 ildən sonra yenidən «Xarıbülbül» musiqi festivalına ev sahibliyi etdi. Azərbaycan bütün dünyaya Şuşadan, qədim torpağımızdan mesaj ünvanladı. Bu, sülh, mədəniyyət, birgəyaşayış, tolerantlıq, milli birlik, həmrəylik mesajı oldu. Festivalın ilk günü ölkəmizdə yaşayan xalqların mədəni zənginliyinin nümayişi - «Azərbaycan musiqisində multikulturalizm» mövzusunda proqram da bunun ifadəsi oldu. Dövlət başçısı İlham Əliyev festivaldakı nitqində bildirmişdir: “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra «Xarıbülbül» festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır... Bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.»

Şuşa artıq hər gün qonaqlarını qarşılayır, müxtəlif tədbirlərə, əhəmiyyətli sənədlərin imzalanmasına şahidlik edir. Şuşa Bəyannaməsi birliyimizin, həmrəyliyimizin zirvəsi kimi dəyərləndirilir. Mədəniyyət paytaxtımız Şuşa illərdir həsrətində olduğu doğma musiqimizə qovuşmaqla 28 il əsarətdə qalsa da əyilmədiyini, Azərbaycan xalqının milli ruhunu qoruduğunu bir daha təsdiqlədi. «Xarıbülbül» musiqi festivalının keçirildiyi tarix «Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!» söyləyən ulu öndər Heydər Əliyevin ruhunun şad, arzularının həyata keçdiyi gün oldu. Heydər Əliyev Fondu belə möhtəşəm, tarixi əhəmiyyət kəsb edən tədbirə təşkilatçılığı ilə Heydər Əliyev siyasətinin növbəti təntənəsi kimi dəyərləndirilən tarixi Zəfərimizi bir daha dünyaya təqdim etdi. Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir.

Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edir, Ona möhkəm cansağlığı, Azərbaycanın davamlı inkişafının, xalqın yüksək rifahının təmin edilməsi istiqamətində atdığı addımlarda, humanist təşəbbüslərinin gerçəkləşdirilməsində daha möhtəşəm uğurlar diləyirik.

Doğum gününüz mübarək!

Tanrı Sizi qorusun Mehriban xanım!

Vüqar Rəhimzadə,

«İki sahil» qəzetinin baş redaktoru, Əməkdar jurnalist

Paylaş:
630

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər