Aİ-nin xüsusi nümayəndəsi Ağdam Cümə məscidi və Qiyaslı məscidi ilə tanış olub
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdam Cümə məscidinə baş çəkib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, xüsusi nümayəndə ermənilərin işğal müddətində məsciddə törətdiyi vandallıq əməlləri ilə tanış olub.
Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov T. Klaara ermənilərin Cümə məscidi, habelə işğal altındakı digər ərazilərdəki dini abidələrlə vəhşi rəftarı, dini abidələri dağıtması, orada heyvan saxlaması, eləcə də törətdiyi digər müharibə cinayətləri barədə ətraflı məlumat verib.
T. Klaar Ağdam rayonunun Qiyaslı məscidində də olub.
Xüsusi nümayəndə məscidlə tanış olub. Məlumat verilib ki, XVIII əsrə aid olan məscid işğal müddətində erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdəndir.
Ermənilər məscidi dağıdıb, minarələrini uçurub. İşğalçılar burada heyvan saxlayıb, ərazini tərk edəndə isə məscidi yandırıb, nəticədə binaya ciddi ziyan dəyib.
1news.az