Azərbaycan Vətən müharibəsindən sonrakı vəziyyətlə bağlı ilk hesabatını BMT-yə təqdim edib
30 sentyabr-1 oktyabr 2021-ci il tarixlərində BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitəsinin Cenevrə şəhərində keçirilən 70-ci sessiyası çərçivəsində “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt” üzrə Azərbaycan Respublikası Hökumətinin dördüncü dövri məruzəsinin virtual formatda təqdimatı keçirilib.
1news.az-a Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi hökumət nümayəndə heyəti təmsil edib.
Nümayəndə heyətinə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadin və Uşaq problemləri uzrə Dövlət Komitəsi, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri daxil olub.
Təqdimat zamanı açılış nitqi ilə çıxış edən X. Xələfov Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində əsas beynəlxalq sənədlərə tərəf olduğunu və bu xüsusda, BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.
Çıxışında X. Xələfov Covid-19 pandemiyası ilə əlaqədar Azərbaycan hökumətinin həyata keçirdiyi və təşəbbüskarı olduğu tədbirlər barədə məlumat verib. Nazir müavini 2013-2018-ci illəri əhatə edən dördüncü dövri məruzədə əksini tapmış və eləcə də, hazırki dövrədək ölkədə qəbul edilən əhəmiyyətli tədbirlərə yönəlmiş iqtisadi, sosial və mədəni hüquqların təmin edilməsi üçün mövcud hüquqi baza və dayanıqlı inkişaf sahəsində atılan praktiki addımlar barədə müfəssəl məruzə edib.
Dördüncü dövri məruzə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının BMT-nin insan hüquqları sahəsində müqavilə qurumları qarşısında təqdim etdiyi ilk hesabat olub.
X.Xələfov regionun iqtisadi, sosial və mədəni inkişafına əsas maneə olan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalına 44 günlük Vətən müharibəsi nəticəsində son qoyulduqdan sonra regionun və burada yaşayan insanların rifahının daha da yaxşılaşdırılması və əməkdaşlıq üçün yeni reallıqların yarandığını vurğulayıb. Bu, bir milyona yaxın qaçqın və məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması üçün imkan yaradıb. Bu qayıdış qaçqınların və məcburi köçkünlərin pozulmuş haqlarının bərpa edilməsinə və müdafiəsinə böyük töhfədir.
Nümayəndə heyəti rəhbərinin təqtimatından sonra Beynəlxalq Paktın 1-15-ci maddələrini əhatə edən 4 bölmə üzrə konstruktiv və qarşılıqlı anlaşma şəraitində interaktiv dialoq aparılıb. İnteraktiv dialoq zamanı çıxış edən BMT-nin müvafiq Komitəsinin üzvləri tərəfindən səsləndirilən sahəvi sualları Azərbaycanın aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələri geniş cavablandırılıb.
18 dövlətin nümayəndəsinin daxil olduğu BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitəsi cari ilin 15 oktyabr tarixinədək Dövri məruzə və interaktiv dialoqa dair öz tövsiyələrini Azərbaycan hökumətinə təqdim edəcəkdir.