Leyla Abdullayeva: “Azərbaycan digər beynəlxalq məhkəmələrdə də Ermənistana qarşı iddialar qaldıracaq”
“Azərbaycan müstəqilliyinin ilk günlərindən işğal faktoru ilə mübarizə aparmaq məcburiyyətində qalıb”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu, XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva BDU-da “İşğal altında olmuş Azərbaycan ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Hesabat kitabının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.
L. Abdullayeva bildirib ki, bu gün artıq biz öz ərazi bütövlüyünü təmin edən, pozulmuş insan hüquqlarını bərpa edən dövlətin vətəndaşlarıyıq: “Ancaq münaqişənin bitməsi müharibənin bitməsi demək deyil. Postmünaqişə dövründə biz təbliğat işini daha da gücləndirməliyik. Azərbaycan artıq bölgədə yeni reallıq yaradıb. Artıq bizim və bütün Azərbaycanın rəsmi qurumlarının üzərində bu reallığı beynəlxalq ictimaiyyətə çatdırmaq kimi vəzifə dayanır. Azərbaycan artıq iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb. Bu, son deyil. Bunun ardınca digər beynəlxalq məhkəmələrdə Ermənistana qarşı tərəfimizdən iddialar qaldırılacaq. BDU tərəfindən hazırlanan bu hesabatda təkliflər hissəsi çox mühüm əhəmiyyətə malikdir. XİN tərəfindən bu təkliflər araşdırılacaq. Bu təklifləri beynəlxalq platformalarda irəli aparmaq üçün dəstək göstərəcəyik”.
L. Abdullayeva təklif edib ki, hesabatı hazırlayan İşçi Qrupla əməkdaşlıq etsinlər: “Bununla da biz bu hesabatların beynəlxalq aləmdə yayılması üçün onlara əlimizdən gələn dəstəyi göstərə bilərik”.
1news.az