Naqif Həmzəyev: “Prezidentin verdiyi müsahibələr Azərbaycan həqiqətlərinin dünyaya çatıdırılmasında önəmli rol oynayır”
“Prezident İlham Əliyevin oktyabrın 7-də İtaliyanın İtaliyanın “La Repubblica” qəzetinə qəzetinə müsahibəsi çox maraqla qarşılandı”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
“Cənab Prezident müsahibədə bir çox vacib və maraqlı suallara cavab verdi. Cavablar da suallar qədər maraqlı və çox önəmli idi. 44 günlük Vətən Müharibəsinin gedişində cənab Prezident xarici jurnalistlərə, beynəlxalq agentliklərin nümayəndələrinə çox sayda müsahibələr vermişdi. Müsahibələr Azərbaycanla bağlı, Azərbaycan həqiqətləri ilə bağlı bir çox mətləblərin dünya ictimaiyyətinə çatdırılmasında çox mühüm rol oynadı. Cənab Prezidentin yenidən bu səpkidə müsahibələrini davam etdirməsi hər kəs tərəfindən alqışlanır və xüsusilə də regionda yeni reallıqların yarandığı zamanda bəzi məqamların bütün tərəflərə doğru və düzgün formada çatdırılmasında bu cür müsahibələrin çox böyük rolu var”.
Deputat bildirib ki, sonuncu müsahibədə Prezident işğaldan azad olunmuş ərazilərdə quruculuq-abadlıq işləri ilə bağlı sualları cavablandırdı.
“Cənab Prezident suala cavabında bildirdi ki, cari il üçün 1,3 milyard ABŞ dolları təşkil edən bir sərmayə proqramı qəbul edilib. Bu sərmayə qoyuşulu əsasən, infrastruktur qoyuluşu ilə bağlıdır. Bu ilin sonuna qədər 10 min kvadrat kilometr ərazinin tamalilə elektrik enerjisi ilə təmin olunması məsələsi öz həllini tapacaq. Həmçinin işğaldan azad olunmuş ərazilərin avtomobil və dəmir yollarının da inşası, qurulması prosesi həyata keçirilməkdədir. Füzulidə tikilmiş və tezliklə açılışı olacaq beynəlxalq hava limanınına da artıq təyyarələr sınaq uçuşu edib. Bir neçə şəhərin baş planı təsdiqlənib, digər şəhər, kənd və rayonlarda da layihələndirmə işləri demək olar ki, tamamlanmaq üzrədir. Bir sözlə, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmaları üçün Azərbaycan dövləti və hökuməti öz üzərinə düşən işi həyata keçirir. Bütün bu proseslərə cənab Prezident özü birbaşa rəhbərlik edir”.
N.Həmzəyevin sözlərinə görə, Prezident İlham Əliyev ilk gündən müraciət edərək dost və qardaş ölkələri yenidənqurma işlərində aktiv iştirak etmək ilə bağlı çağırışlar edib..
“Bu çağırışlara ilk qoşulan dövlət Türkiyə, ikincisi isə İtaliya oldu. Çox sevindirici haldır ki, İtaliya şirkətləri də bu prosesdə iştirak edir və Azərbaycana öz dəstəklərini əsirgəmir. Bütün bunlarla yanaşı bu gün dünyada yanacağın qiymətində, Avropada isə qazın qiymətlərində bahalaşma müşahidə olunur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rola sahibdir. Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya bazarına 8 milyard kubmetr qaz nəql edilir. Ancaq bununla kifayətlənmək olmaz və potensial imkan verir ki, bu həcmi daha da artıraq. Bəlkə də bu qazın nəqlinə icazə verilməsəydi Avropada, xüsusilə də İtaliyada daha ciddi problemlər yaşanardı. Bu boru vasitəsilə qazın nəqlinin artırılması ilə Avropada qaza olan tələbatın ödənilməsi və digər dövlətlərə də qazın çatdırılması mümkün olacaq”.
Deputat qeyd edib ki, son həftələrdə, xüsusilə də oktyabrın əvvəllərindən başlayaraq İran-Azərbaycan münasibətlərində müəyyən narazılıqlar var.
“İtaliyalı jurnalistin bununla bağlı ünvanladığı suala Prezidentimiz ətraflı cavab verdi. Buradan da aydın olur ki, Azərbaycan hər zaman İrana qarşı xoş və dost münasibəti göstərib. Azərbaycan xarici siyasətində hər zaman açıq, şəffaf və sabit münasibətlərin qurulmasına maraq göstərib. Əsas hədəf isə müstəqillikdir. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə, müstəqilliyinə diqqətlə yanaşır və eynisini də o dövlətlərdən gözləyir. Azərbaycanın 44 günlük Vətən Müharibəsində qələbə çalması ilə regionda yeni reallıqları labüd etdi. Yeni reallıqlar fonunda Azərbaycan qonşuları ilə münasibətlərini təkrar gözdən keçirir, bu isə onunla əlaqədardır ki, artıq qonşu dövlətlər Azərbaycanın ərazi bütövlüyünə sözdə deyil, əməldə də hörmətlə yanaşmalıdır. Azərbaycanın tam hüququ və haqqı çatır ki, qonşu dövlətlərin həyata keçirdiyi layihələr və yaxud həmin ölkələrin vətəndaşlarının hansısa hərəkətləri əgər Azərbaycan qanunvericiliyinə qarşıdırsa, Azərbaycan qanunlarını pozursa, bununla bağlı biz qarşı tərəfə öz fikirlərimizi bildirə bilərik. Bu, ittiham yox, sadəcə irad formasındadır. Qarşı tərəf də bunu mütləq nəzərə almalı və bunu həll etməlidir. İran dövlət nişanları yük maşınlarının Azərbaycan ərazisinə yüklərin daşınması bizim icazəmizlə həyata keçirilməlidir. Əgər özəl şirkətlər tərəfindən bu qaydalar pozulursa, bizim də haqqımız çatır ki, bununla bağlı iradımızı bildirək. Ancaq bunu qarşı tərəf düzgün və səmimi anlamalı, ikitərəfli münasibətlərin pozulmasına heç bir şərait yaradılmamalıdır. Təəssüflər olsun ki, Ermənistan hər zaman Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin pozulmasında maraqlı olub. İran da Ermənistanı itirməmək məqsədilə müəyyən dərəcədə öz dəstəklərini verməyə davam edir. Biz heç bir zaman bu məsələlərdə İrana açıq şəkildə narazılığımızı bildirməmişik, İranın daxili işlərinə qarışmamışıq. İran hökuməti maksimum dərəcədə çalışmalıdır ki, Azərbayan qaydalarına, qanunlarına İran vətəndaşlarının əməl etməsinə nəzarət olsun. Biz İranla dostuq, qonşuyuq və münasibətlərin saxlanmasında da maraqlıyıq. Cənab Prezidentin müsahibəsində İranla olan narahatlıq və narahatlıq fonunda Azərbaycanın bu məsələdə eyni əvvəlki mövqeyini saxladığını və qonşumuzla dostluq münasibətlərini saxlamaqda maraqlı olduğunu bildirdi. Düşünürük ki, qarşı tərəf də eyni mövqedən çıxış edəcək”.
“Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibə zamanı bütün suallara dolğun, ətraflı və sərrast cavab verməsi çox müsbət bir haldır” – deyə, deputat fikirlərinə əlavə edib:
“Cənab Prezidentdə təşəkkür edirik ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və mövcud reallığın düzgün formada anlaşılmağı üçün izahatlar verir. Bu, çox düzgün və müsbət yanaşmadır”.