“Ermənistan təxribata son qoymasa “Dəmir yumruq” işə düşəcək”-Deputat
Xəbər verdiyimiz kimi ötən gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu həlak olub.
1news.az xəbər verir Kİ, məsələ ilə bağlı Müdafiə Nazirliyi də məlumat yayaraq, bu terror-təxribat əməlini kəskin şəkildə qınayıb.
Bəli, terror-təxribat. Bu, terrorçu hakimiyyətin törətdiyi nə birinci hadisədir, nə də ikinci. Zaman-zaman Azərbaycan Ermənistan hakimiyyətinin ağlasığmaz terroruna, vəhşiliyinə məruz qalıb. Amma və lakin Ali Baş Komandanın rəhbərliyi və müzəffər Azərbaycan ordusunun gücü sayəsində 30 ilə yaxın işğal altında olan ata-baba torpaqlarımızı düz 44 günlük Vətən müharibəsində işğalçılardan təmizlədik. Elə erməni lobbisini də bu təmizləmə siyasəti qıcıqlandırır. Bu qıcıq bölgədə sülhün bərpa olunması üçün yerləşdirilən Rus sülhməramlılarının da fəaliyyətini kölgə altına alır. O kölgə ki, istisində qızınmaq əvəzinə yanırsan, soyuğunda qorunmaq əvəzinə islanırsan. Amma islanmışın yağışdan qorxusu yoxdur deyirlər. Məhz qorxusuz Azərbaycan əsgərinin qəhrəmanlığını həzm edə bilməmək hissi, Ermənistan hakimiyyətinin boğazında daş parçasına çevrilib. Məlumdur ki, Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Vüqar İskəndərov 1news.az-a açıqlamasında bildirdi ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi bir vaxtda terrorçu hakimiyyətin həyata keçirdiyi bu təxribat ancaq və ancaq bölgədəki Rus sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdi daşıyır:
“Ermənistan revanşist mövqeyini hər zaman nümayiş etdirərək, hansı mənsubiyyətə malik olduğunu ortaya qoyub və qoyur da. Azərbaycanın öz torpaqları uğrunda əks-hücum əməliyyatına cavab olaraq 44 günlük Vətən müharibəsindəki qələbəsini həzm edə bilmir. Bundan başqa heç bir işə yaramayan yaramaz Ermənistan hakimiyyətinin 30 il ərzində xarabalığa çevridiyi Qarabağımızda hazırda yüksək səviyyədə tikinti-quruculuq işlərinin aparılması, qısa zamanda bir qism ərazidə yol infrastrukturunun yenidən salınması, vacib əhəmiyyətli obyektlərin açılışı, vətəndaşlarımızın normal şərtlərdə yaşaması üçün lazım olan obyektlərin təməlinin qoyulması kimi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü işlər mövcud erməni lobbisini nədənsə ciddi narahat edir. Revanşist hakimiyyətin revanşist əməlləri çılpaq şəkildə ortalıqdadır. Amma düşünürəm ki, Ali Baş Komandanın “dəmir yumruğu” Erməni faşizminin bir daha baş qaldırmasına imkan verməyəcək. Biz xalq olaraq bütün var gücümüzlə Ölkə rəhbərinin yanındayıq.
Millət vəkili qeyd etdi ki, bu gün bütün dünya ictimaiyyəti özlərini məzlum kimi göstərməyə çalışan ermənilərin son hadisələrdə necə hiyləgər simaya malik olduğunu gördü:
“Azərbaycanın prinsipial olaraq 10 noyabrda imzalanan üçtərəfli bəyanatın bütün şərtlərinə əməl edir. Amma və lakin Cənab Prezidentin də dediyi kimi Paşinyanın hansı yolla və hansı şəraitdə imzaladığı bu bəyanatın bəndlərinə əməl etməməsi göz önündədir. Düşünürəm ki, Ermənistan hakimiyyəti revanşist, terrorçu əməllərinə, təxribatlarına son qoymasa, “Dəmir yumruq” yenidən işə düşəcək”.
Aytən Sakitqızı