“Füzulinin azad olunması Azərbaycan Ordusunun şanlı zəfər yürüşünə yol açdı” - Deputat
Ötən ilin məhz oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi, həmin dövrdə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar, ermənilərin 30 il ərzində qurduğu güclü müdafiə xəttinin Azərbaycan Ordusu tərəfindən 44 günə yarılması, hərbçilərimizin şücaəti və qəhrəmanlığı bütün dünyaya bəllidir.
1news.az xəbər verir ki, Füzuli istiqamətində ermənilərin bir neçə istehkam xəttindən ibarət güclü müdafiə sistemi qurmasına baxmayaraq, bu istehkam xətti Azərbaycan Ordusunun təzyiqinə davam gətirə bilmədi. Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı 44 günə ermənilədən təmizlədi.
Hazırda Prezident İlham Əliyevin böyük tikinti-quruculuq işlərinin aparıldığı işğaldan azad edilən bölgələrimizə, o cümlədən Füzuliyə səfərinin tarixi əhəmiyyət kəsb etdiyini deyən Milli Məclisin deputatı Vüqar Bayramov 1news.az-a bildirdi ki, Füzulinin azad olunması Azərbaycan Ordusunun şanlı zəfər yürüşünə yol açdı:
“Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən Füzuli şəhərinin işğaldan azad olunmasından 1 il keçir. Füzuli rayonu Qarabağda strateji mövqeyinə görə fərqlənən bölgələrimizdəndir və 44 günlük Vətən müharibəsində Füzuli şəhərinin azad edilməsi müharibədə xüsusən strateji baxımdan vacib uğurlardan biri kimi qiymətləndirilir. Ölkə rəhbərinin təşəbbüsü ilə Füzuli rayonu artıq yeni bərpa-quruculuq dövrünə qədəm qoyub. Füzuli Beynəlxalq Hava Limanı dünyada ən qısa müddətdə inşa edilən hava limanlarından biridir. Artıq ilkin sınaq uçuşları həyata keçirilib və Füzuli Hava Limanı beynəlxalq standartlara uyğun olaraq qurulan və beynəlxalq uçuşları həyata keçirəcək hava limanıdır.
Füzuli rayonunun nəqliyyat və logistik infrastrukturunun formalaşdırılması istiqamətində də işlər intensiv şəkildə həyata keçirilir. Horadiz-Ağbənd dəmiryolu xətti, eləcə də Horadizlə Zəngilanı birləşdirəcək avtomobil yolu, o cümlədən Füzuli-Hadrut, Füzuli-Şuşa Zəfər yollarının inşa edilməsi də ondan xəbər verir ki, işğaldan azad edilmiş torpaqlarımız çox qısa zamanda bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Bərpa və yenidənqurmanın intensiv şəkildə aparılması məskunlaşma prosesinin gözləniləndən daha tez olacağından xəbər verir.
Füzuli şəhəri öz tarixində bütövlükdə yeni mərhələyə qədəm qoyur. Biz gülüş və həyatın uzun zamandır işğalda qalan Füzuliyə yenidən qayıtdığını görəcəyik. Füzuli artıq yeni və müasir standartlara uyğun olaraq qurulan bir şəhər olacaq. Bu da təbii ki, Qarabağın həyata yenidən və daha tez qayıdacağı anlamına gəlir”.
Aytən Sakitqızı