İranın anti-Azərbaycan siyasətinin pərdəarxası məqamları - Politoloq açıqladı | 1news.az | Xəbərlər
Siyasət

İranın anti-Azərbaycan siyasətinin pərdəarxası məqamları - Politoloq açıqladı

14:47 - 19 / 10 / 2021
İranın anti-Azərbaycan siyasətinin pərdəarxası məqamları - Politoloq açıqladı

Son günlər İranın yürütdüyü anti-Azərbaycan siyasəti ölkəmizdə ciddi narahatlıq yaradıb. Azərbaycanın mehriban qonşuluq münasibətlərinə çox ciddi önəm verməsi fonunda müsəlmançılıqdan "dəm vuran" İranın yürütdüyü ermənipərəst siyasət iki ölkə arasında münasibətləri gərginləşdirir. Münasibətləri bilərəkdən gərginləşdirən İranın məqsədi nədir və bu addımın arxasında kimlər dayanır?

1news.az-ın mövzu ilə bağlı bu və digər suallarını politoloq Elman Vəliyev cavablandırdı. Onun sözlərinə görə, İsrail və ABŞ tərəfindən təzyiqlərə məruz qalan İran hazırda öz siyasətində çəkindirmə mövqeyini seçib:

"Yəni, İran özünə qarşı ola biləcək təhlükələri düşünərək açıq şəkildə həmin qüvvələrə qarşı çəkindirmə siyasəti yeritməyə çalışır. Bunu isə aşkar formada hədə-qorxu üsulu ilə edir. Azərbaycan tərəfi ilə yaratdığı gərginlik də bunlardan biridir. Azərbaycanın bölgədə nüfuzunun artması, öz tərəfdaşları ilə təlimlər keçirməsi İran tərəfində qıcıq yaradıb. Ancaq Azərbaycan tərəfi öz qonşuları ilə normal siyasət yeritməyi həmişə üstün tutur. Ərazi bütövlüyünü pozmayan, ədəbi ilə yaxınlaşan hər kəsə artıqlaması ilə hörmət edib. Ancaq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistan tərəfinə dəstək verənlərə layiqli cavab vermək hüququndan da istifadə etməkdədir".

Politoloq əlavə etdi ki, İran tərəfinə qanunsuz şəkildə yük daşıdıqları, bu hərəkətin qonşuluq prinsiplərinə zidd olduğu, bölgədə destruktiv mövqe nümayiş etdirməsilə bağlı ciddi xəbərdarlıq da edilib:

"Həmçinin Prezident MDB konfransında da çıxış edərək İrandan Ermənistana, ordan da Avropaya narkotik daşınmasını da vurğuladı. Bu daşınma marşrutu Cəbrayıl rayonundan keçərək Ermənistana, sonra da ardıcıl olaraq Avropaya gedirdi. Ancaq Azərbaycan bu marşrut xətlərini bağlayaraq narkotik ticarətinin müəyyən qədər qarşısını almış oldu.

İran tərəfini Ermənistanla əlaqə saxlamasına Ermənistanın Azərbaycan, İsrail və Türkiyə ilə münasibətlərinin pis olması vadar edir. Yoxsa Ermənistan İranın nəyinə gərəkdir?

Amma bunlara baxmayaraq tərəflər arasındakı narahatlıq kuliminasiya nöqtəsindən "razvyaskaya" doğru gedəcək. Çünki İran da yaxşı bilir ki, Azərbaycanla münasibətləri korlamaq heç bir fayda verməyəcək. Axı Azərbaycan nə itirir ki! İran tərəfi isə bölgədə böyük nüfuza malik olan bir dövləti, onunla olan ticarət dövriyyələrini itirə, beynəlxalq təzyiqlərə məruz qala bilər. Yəni, Azərbaycanın İrana çox faydası dəyə bilər.

İstər 3+3 planında, istər Xəzərin istifadəsində, istərsə də digər məqamlarda Azərbaycan İrana fayda verə bilər. Sadəcə İran ehtiyat etdiyi üçün, müəyyən qədər qorxduğu üçün münasibətlərdə gərginlik yaratdı. İran hazırda nüvə silahı ilə bağlı anlaşmanı sabit saxlamadığı üçün beynəlxalq təzyiqlərə məruz qalıb. İrana qarşı olan qüvvələr üçün Azərbaycan çox strateji bir mövqedir. Guya, İran bunu anlamır? Əlbəttə ki, anlayır. Ona görə də Azərbaycanla uzlaşmaya getməyə məcburdur!"

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər