“Xudafərin-Laçın yolu gələcək inkişafın əsasını qoyur” - Ekspert
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.
1news.az-ın məlumatına görə Dövlətimizin başçısı və birinci xanım Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, iştirak ediblər.
Bu tarixi hadisə ilə bağlı 1news.az-a danışan iqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, Azərbaycan hökumətinin bütün məsələlərə yanaşmasında ən vacib məqam odur ki, ilk olaraq məhz nəqliyyat infrastrukturuna və yollarda gediş-gəlişin rahat olmasına diqqət yetirir:
“ Əslində, hər şey bilavasitə bundan başlanır. Yol varsa, demək, gediş-gəliş var, gediş-gəliş varsa, demək, nəfəs var, nəfəs varsa demək, tərpəniş və inkişaf üçün imkan var. Bu gün Prezident İlham Əliyevin Qubadlıda qeyd etdi ki, Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir. Dövlət başçısı əlavə etdi ki, heç vaxt bu ölçüdə yol olmayıb. Bəli, bu, böyük işdir, uzaq məsafədəki hədəfə lazım gələndə qısa zaman ərzində və çərçivəsində çatmaq məqsədi daşıyır. Gələcək inkişafın əsasını qoyur. Hərbi-strateji məqsədlərə çatmaq istəyini bəri başdan təmin edir. Azərbaycanımızın bütövlükdə inkişafına və ərazi bütövlüyünün möhkəmlənməsinə böyük dərəcədə xidmət edir!”-deyə iqtisadçı əlavə etdi.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Xudafərin-Laçın yoludur. Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən bu yolun uzunluğu 56,4 kilometrdir. Qubadlı-Eyvazlı avtomobil yolunun uzunluğu 26 kilometr, eni 7 metr olacaq. Qubadlı-Xınzirək avtomobil yolunun uzunluğu 23,5 kilometr olacaq. Hər iki yol iki hərəkət zolaqlı inşa edilir. Xudafərin-Laçın avtomobil yolunun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 14 kilometr uzunluğunda yeni avtomobil yolu inşa ediləcək. Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla Xudafərin-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları dörd hərəkət zolaqlı olacaq. Yeni inşa olunan yollar işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, bu rayonların 30-dan çox yaşayış məntəqəsini əhatə edir.
Aytən Sakitqızı