Ərdoğan: Qarabağda otuz il davam edən işğala son qoyulması bütün türk dünyası üçün böyük əhəmiyyət daşıyır
Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Qarabağda təxminən otuz il davam edən işğala 44 gündə son qoyulması təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edərkən söyləyib.
Türkiyə Prezidenti deyib: “Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur”.
Qeyd edək ki, dövlətimizin başçısı Türk Dünyasının Ali Ordeninə Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının qərarına əsasən layiq görülüb. Bu barədə təklif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb.