Sevinc Fətəliyeva: Zirvə Görüşü türkdilli dövlətlərin əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü tarixi məqamlarla yadda qaldı. Sammitdə müzakirə olunan məsələlər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edir.
Zirvə Görüşü türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür”.
1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputa bildirib ki, 2009-cu ildə Naxçıvanda bu təşkilat yaranandan ötən dövr ərzində Türk Şurası səmərəli fəaliyyət göstərib. Bu dövr ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Budəfəki Zirvə Görüşündə Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb. Eyni zamanda, təşkilata sədrlik Azərbaycandan Türkiyəyə keçib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın təşkilata sədrliyinin COVİD-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində ardıcıl səylər göstərib. Məlumdur ki, ötən il təşkilatın sədri olaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının COVİD-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş onlayn formatda Zirvə Görüşü keçirilmişdi. Həmçinin bu ilin əvvəlində də təşkilatın qeyri-formal Zirvə Görüşü keçirilib ki, bu da Azərbaycanın təşkilata sədrliyini xarakterizə edən əlamətdar məqamlardan biri kimi qiymətləndirilə bilər.
S.Fətəliyeva qeyd edib ki, İstanbulda keçirilən VIII Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışı zamanı Vətən müharibəsi nəticəsidə ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini bildirib. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində Türk Şurasının Azərbaycana dəstəyini yüksək dəyərləndirib. Xüsusilə, biz Vətən müharibəsində Türkiyənin qardaşlıq dəstəyini hər zaman hiss etdik. Zirvə Görüşündə üzv dövlətlər Azərbaycan Respublikasının ərazilərinin hərbi işğaldan azad edilməsini təqdir edib və Ermənistan-Azərbaycan münaqişəsinin sona yetməsini alqışlayıblar. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezidentimiz İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etməsi xalqımız üçün çox qürurvericidir.
“Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizindən istifadə türk dövlətləri arasında təkçə iqtisadi-ticari əlaqələrin deyil, eyni zamanda mənəvi, mədəni, siyasi birliyin daha da güclənməsinə töhfə verəcək. Zəngəzur dəhlizi geniş mənada türk dünyasını birləşdirəcək. Türk dövlətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarını ifadə edib, Ermənistan və Azərbaycan arasında münasibətlərin bir-birlərinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət edilməsi əsasında normallaşmasını dəstəkləyiblər. Bütün bunların fonunda türk dövlətlərinin birliyi qürurvericidir”,-deyə S.Fətəliyeva vurğulayıb.
Millət vəkili qurumun adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılmasını, Türkmənistanın təşkilata müşahidəçi statusunda üzv qəbul edilməsini mühüm hadisə adlandıraraq qeyd edib ki, türk birliyi artıq regional gücə çevrilməkdədir. Bu qaçılmaz prosesdir.