Ombudsman erməni terrorçunun hərbçilərə hücumunu pisləyib
2021-ci il 13 noyabr tarixində, səhər saatlarında Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvü tərəfindən Şuşa şəhəri yaxınlığındakı postda xidmət edən hərbçilərə qarşı törədilən terror aktı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ombudsman Aparatının rəsmi "Facebook" səhifəsində paylaşım edilib.
"Azərbaycan və Rusiya hərbçilərinə qumbara atmaqla cinayət törətmiş terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.
Cəzasızlıq mühitindən bəhrələnərək qanunsuz erməni silahlı dəstələrinin üzvü tərəfindən növbəti dəfə törədilmiş cinayət günahsız insanların qətlə yetirilməsinə, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına və yeni münaqişə ocaqlarının yaranmasına səbəb olmaqdadır. İnsanların hüquq və azadlıqlarının və davamlı sülhün təmin olunmasına real təhlükə yaradan bu kimi əməlləri qətiyyətlə pisləyir, cinayətkarın törətdiyi əmələ müvafiq olaraq cəzalandırılmasını tələb edirik", - deyə paylaşımda qeyd olunub.