Korotçenko: “Şuşa yaxınlığındakı terror aktı üçtərəfli bəyanatı pozmaq üçün törədilib”
“Şuşa yaxınlığında törədilmiş terror aktı üçtərəfli bəyanatı pozmaq üçün həyata keçirilən ilk terror aktıdır”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün keçirilən mətbuat konfransında Rusiya “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
İqor Korotçenko deyib ki, elə etmək lazımdır ki, bir daha belə bir terror aktı törədilməsin: “Bu terror aktı üçtərəfli bəyanatı ləğv etməyə yönəlib. Terrorçunun erməni tərəfinə verilməsi belə bir terror aktının törədilə bilməsinə zəmin yaradır. Ona görə də Rusiya və Azərbaycan arasında bununla bağlı ekspert məsləhətləşmələri aparılmalı, bu məsləhətləşmələrin nəticəsi olaraq gələcəkdə belə halların qarşısının alınması üçün müvafiq mexanizm yaradılmalıdır”.
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə qeyd edib ki, Rusiya sülhməramlılarının antiterror əməliyyatı aparmaq hüququ yoxdur: “Terrorçu qumbara atan zaman ona atəş açmaq olardı, amma terrorçunun evində axtarış aparmaq üçün Rusiya sülhməramlılarının səlahiyyəti yoxdur”.
Sergey Markov nəzərə çatdırıb ki, Rusiya sülhməramlılarının olduğu ərazidə yaşayanlar Rusiya pasportu almaq istəyirlər: “Ancaq Rusiya bunu arzulamır və bu, Rusiyanın marağında da deyil. Bu ərazilər Azərbaycanın əraziləridir”.
1news.az