Ceyhun Bayramov: Azərbaycan Ermənistanın dağıtdığı dəmiryol şəbəkəsini bərpa edir
Azərbaycan Qarabağ münaqişəsi dövründə Ermənistanın dağıtdığı dəmiryol şəbəkəsinin bərpa olunması üçün işlər görür.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikada Brüssel Mətbuat Klubunda Aİ-Azərbaycan münasibətləri ilə bağlı panel müzakirələri zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan Ermənistanın da bu şəbəkəyə daxil ola bilməsi üçün öz razılığını verib.
"Dəmiryol şəbəkəsinin inşası Türkiyə, Azərbaycan, Gürcüstan, İran, Rusiya və Ermənistan arasında əlaqələrin qurulmasında rol oynayacaq, eyni zamanda, Asiya ilə Avropa arasındakı “Şərq-Qərb” dəhlizi üçün də faydalı olacaq", - deyə nazir vurğulayıb.
C.Bayramov bildirib ki, bu layihədən təkcə müəyyən ölkələr deyil, həm də bütün region dövlətləri faydalanacaq:
"Azərbaycan Cənubi Qafqazda əməkdaşlığın genişlənməsinə töhfə vermək niyyətindədir. Təəssüf ki, bu məsələdə Ermənistandan dəqiq cavab ala bilməmişik. Qeyd etmək lazımdır ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupundan da bəzi müsbət siqnallar əldə olunur. Yaxın gələcəkdə layihələrin tətbiqi ilə bağlı və konkret nəticələr əldə etmək üçün Ermənistanın həqiqi addımlar atmasına ümid edirik”,- C.Bayramov qeyd edib.