Rusiya XİN: Biz hər iki tərəfi bütün mübahisələri müstəsna olaraq siyasi və diplomatik yollarla həll etməyə çağırırıq
Vəziyyətin dinc məcraya keçməsi üçün Rusiya həm Azərbaycan, həm də Ermənistanla təmasdadır.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə bildirib.
“Dünən Rusiya Federasiyasının Prezidenti ilə Ermənistanın baş naziri arasında telefon danışığı olub, müdafiə naziri azərbaycanlı və erməni həmkarları ilə telefon danışığı aparıb. Vasitəçilik səyləri nəticəsində qarşıdurmalar dayandırılıb. Gərginliyin aradan qaldırılması məqsədilə birgə iş davam edir.
Biz hər iki tərəfi təmkinli olmağa, yeni insidentlərə yol verməməyə və bütün mübahisələri müstəsna olaraq siyasi və diplomatik yol ilə həll etməyə çağırırıq. Biz regionda sülhün və sabitliyin qorunması məqsədilə tərəflərə bundan sonra da yardım etməyə hazırıq. Son hadisələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sonrakı demarkasiyası prosesinin tezliklə başlanmasının, habelə Rusiyanın bundan əvvəl təqdim etdiyi təklifləri əsasında müvafiq birgə komissiyanın işinə başlanmasının bütün vacibliyini təsdiqləyir”, - deyə M.Zaxarova vurğulayıb.
Diplomat həmçinin qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri fəal vasitəçilik səylərini davam etdirirlər. "Hazırda üçlük vəziyyəti müzakirə etmək üçün Vyanadadır", - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.