Hikmət Hacıyev: İndiki münasibətlərimiz Azərbaycan və Rusiyanın tarixi ənənələrinə uyğundur
Rusiya-Azərbaycan Ekspert Şurası iki ölkə arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan-Rusiya əlaqələrinin tarixi dərin köklərə əsaslanır. Ölkələrimiz arasında dostluq strateji əməkdaşlıq xarakteri daşıyır. Bu da Cənubi Qafqazda təhlükəsizliyin təminatı üçün çox mühüm əhəmiyyətə malikdir.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasında deyib.
Hikmət Hacıyev diqqətə çatdırıb ki, Azərbaycan tarixi torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyün bərpa edib və münaqişəyə son qoyulub. Üçtərəfli bəyanatın əhəmiyyətindən danışan Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Zəfəri ilə regionda yeni reallıq yaradıb.
O bildirib ki, indiki münasibətlərimiz Azərbaycan və Rusiyanın tarixi ənənələrinə uyğundur. Qarşılıqlı fəal əməkdaşlıq inkişaf edir.
Rusiya-Azərbaycan Ekspert Şurasının ikitərəfli münasibətlərin dərinləşməsində böyük rolunu qeyd edən Hikmət Hacıyev Azərbaycan və Rusiya ekspertlərinin əməkdaşlığına üçüncü tərəfin də qoşulacağına inamını ifadə edib.