Bu il Azərbaycan Premyer Liqasında ən çox xal toplayan komanda “Qarabağ” olub
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci dövrəsində 28 oyunda 86 top vurulub.
1news.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu birinci dövrədəki ilə müqayisədə 19 qol çoxdur. İlk yeddi turda komandalar 67 dəfə fərqləniblər.
Birinci dövrədəki kimi yenə yeddi turluq hissənin ən yaxşısı “Qarabağ” olub. Mövsümün ilk dörddəbirində 17 xal toplayan Ağdam klubu bu dəfə 16 xal qazanıb. İkinci dövrədə “Sabah” da həm qələbə, həm qol, həm də xal sayında liderlə eyni göstəriciyə malik olub. Lakin Bakı klubu təxminən üç dəfə çox qol buraxıb. “Qəbələ” dövrəni liderlərdən iki xal geridə başa vurub.
Premyer Liqada 117 oyun keçirilib. Bunlardan 61-i 2020-2021-ci, 56-sı isə 2021-2022-ci il mövsümünə təsadüf edib. Bu matçlarda 288 qol vurulub.
Bu il ən çox xal toplayan komanda “Qarabağ” olub. İlin ən yaxşısı olan Qurban Qurbanovun yetirmələri otuz oyunun üçdə ikisində qalib gəlib. Altmış yeddi xal toplayan Ağdam təmsilçisi hamıdan çox qol vuran, ən az uduzan və qol buraxan komandadır.
Bir matç az keçirən “Neftçi” 10 xal geridədir. Digər komandalar liderlərdən çox geri qalırlar. “Qarabağ” kimi bir oyun çox keçirən “Səbail” 2021-ci ildə ən az xal toplayan komandadır.