“AA” seriyalı avtomobil nömrələri ancaq dövlət qurumlarına verilir? - Araşdırma
Ötən gün sosial şəbəkələrdə müğənni Manaf Ağayevin “AA” nömrəli maşının müşayiətilə Füzuli hava limanında görüntüləri yayıldı.
Bundan əvvəl də özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovla saxlanılan zaman onun da “AA” seriyalı Dövlət Qeydiyyat Nişanı olan avtomobilinin görüntüləri yayılmışdı.
Bütün bunlar sosial şəbələlərdə geniş müzakirə çıxarıldı, hətta bəziləri bu nömrələrin dövlət qurumuna aid olduğunu iddia edərək, həmin şəxslərin bu nömrələri necə alması ilə bağlı sual qoydu.
Bəs əslində necədir? “AA” serialı dövlət qeydiyyat nişanları ancaq dövlət qurumlarına verilir?
1news.az-ın əməkdaşı bununla bağlı araşdırma aparıb.
Belə ki, “AA” seriyalı dövlət qeydiyyat nişanı iddia olunduğu kimi yalnız dövlət qurumlarına yox, eyni zamanda hüquqi şəxslərə verilir. Yəni, bir şirkət avtomobilləri üçün “AA” seriyalı qeydiyyat nişanı əldə edib, qanunvericiliyin tələblərinə uyğun olaraq sürücüyə verə bilər. Bundan başqa, dövlət qurumları və hüquqi şəxslər üçün təkcə “A” ilə başlayan seriyası ilə deyil, “J”, “P” seriyası ilə başlayan nömrələr də verilir. Yəni, “A” seriyası ilə başlayan nömrənin, “J”, “P” seriyalarından , ümumiyyətlə digər seriyalardan heç bir üstünlüyü yoxdur. Odur ki, avtomobilin nömrəsi heç bir sürücüyə üstünlük təşkil etmir. İstənilən hüquqi şəxs Dövlət Yol Polisinə rəsmi qaydada müraciət edərək, balansında olanda avtomobillər üçün “A” və ya digər seriyalı dövlət qeydiyyat nişanı ala bilərlər.