Zelenskinin ukraynalılara və ruslara yeni müraciəti - VİDEO
Ukrayna Prezidenti Vladimir Zelenski bazar ertəsi, fevralın 28-də yeni videomüraciət edib.
1news.az korrespondent-ə istinadən xəbər verir ki, o, müharibənin beşinci günündə yaranmış vəziyyətdən, eləcə də Ukraynaya görünməmiş dəstəkdən danışıb.
"Bizə tez-tez deyirdilər ki, ukraynalılar "belə deyillər" və onilliklər ərzində "ev tapşırığı" ilə məşğul olmalıdırlar, lakin indi biz özümüzü tam şəkildə göstərmişik", - Ukrayna prezidenti bildirib.
O qeyd edib ki, 4 gün ərzində 16 ukraynalı uşaq həlak olub, daha 45 uşaq yaralanıb.
"Artıq Rusiya Federasiyasından 4,5 min əsgər öldürülüb - nə üçün bura gəlmisiniz? Texnikanı atıb gedin, komandirlərinizə, təbliğatçılarınıza inanmayın. Canınızı qurtarın!" - Zelenski ruslara müraciət edib.
Zelenski təsdiqləyib ki, döyüş təcrübəsi olan döyüşçülər həbsdən azad ediləcək və müharibənin ən qaynar nöqtələrində öz günahlarını kompensasiya edə biləcəklər.
"Prezidentliyə gedəndə dedim ki, hər birimiz Prezidentik. Çünki hamımız dövlətimizə cavabdehik. Gözəl Ukraynamız üçün. İndi də elə oldu ki, hər birimiz döyüşçüyük. Öz yerində olan döyüşçü. Və mən əminəm ki, hər birimiz qalib gələcəyik. Ukraynaya eşq olsun!", - Zelenski bildirib.
1news.az