Dünya fəlakətin astanasında: Bakı və Ankara üçüncü dünya müharibəsinin qarşısını almaq üçün səylərini əsirgəmir
Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Türkiyədə işgüzar səfərdə olub; Avropanın və bütün dünyanın taleyinin həll olunduğu günlərdə bu səfər müstəsna əhəmiyyət kəsb edir.
Beynəlxalq ictimaiyyətin diqqəti məhz dünya siyasətinin rəhbər şəxslərinin ən mühüm görüşlərinin keçirildiyi platformaya çevrilən Türkiyəyə yönəlib.
Bu görüşlər bir daha Ankaranın beynəlxalq aləmdə artan rolunu nümayiş etdirir və onların nəticələri dünyada, xüsusən də “qaynar nöqtələrdə” gedən proseslərə müsbət təsir göstərə bilər. Bu gün bu, ilk növbədə Ukraynadakı hərbi əməliyyatlara aiddir.
Martın 10-da Antalya Diplomatiya Forumu çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlunun iştirakı ilə Ukrayna və Rusiya xarici işlər nazirləri Dmitri Kuleba və Sergey Lavrov arasında danışıqların keçirilib. Bu, Rusiya və Ukrayna diplomatiyasının ilk şəxslərinin aralarında hərbi qarşıdurma başlayandan bəri ilk görüşüdür.
Ankara dəfələrlə həm Moskva, həm də Kiyevlə yaxşı münasibətlər saxlayan dövlət kimi, tərəflərə vasitəçilik təklif edib. Eyni sözləri bu ölkələrin hər ikisi ilə sıx əlaqələri olan Azərbaycan haqqında da söyləmək olar.
Həm Azərbaycan, həm də Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmadan Ukraynaya ciddi humanitar yardımlar göstərib.
Bu baxımdan, hər zaman istər regionumuzda, istərsə də daha geniş coğrafiyada sülh və təhlükəsizliyə sadiqliyini bəyan və çağırışlar edən Prezident İlham Əliyevin Türkiyəyə səfəri eyni zamanda, Azərbaycan və Türkiyə liderlərinin birgə sülhməramlı missiyası kimi də qiymətləndirilə bilər.
Digər tərəfdən, Azərbaycan rəhbərinin Türkiyəyə səfəri İsrail prezidenti İsaak Hersoqun bu ölkəyə dövlət səfəri ilə eyni vaxta düşür.
Yaxın günlərdə İsaak Hersoq və Rəcəb Tayyib Ərdoğan arasında baş tutan birmənalı tarixi danışıqlar Ankara ilə Təl-Əviv arasındakı münasibətlərdəki buzları əritməklə yanaşı, ikitərəfli dialoqun daha dərin və ciddi mərhələsinin başlanması istiqamətində atılan ən mühüm addımlardan birini təmsil edir.
Yəqin ki, bu ümidlər İsrail prezidentinin təyyarəsinin gövdəsinə ivrit, türk və ingilis dillərində “Sülh, gələcək, əməkdaşlıq” sözlərini həkk etməyə sövq edib.
Azərbaycan isə, istər Türkiyə, istərsə də İsraillə möhkəm dostluq əlaqələri olan bir dövlət kimi, bu ölkələrin barışmasını və münasibətlərində yeni mərhələnin başlamasını yalnız alqışlaya bilər.
Antalyada keçirilən Diplomatiya Forumunun digər mühüm cəhəti – Ermənistan nümayəndə heyətinin orada iştirakıdır ki, bu da Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində başlanmış dialoq və məsləhətləşmələrin qurulması sahəsində atılan yeni addım kimi qiymətləndirilə bilər.
Və bu prosesdə Azərbaycanın da rolu böyük əhəmiyyət kəsb edir. Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşması və qarşılıqlı etimadın möhkəmləndirilməsi prosesi Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə qırılmaz şəkildə bağlıdır. Yeri gəlmişkən, Azərbaycan və Türkiyənin mövqelərin sıx uyğunlaşması nöqteyi-nəzərindən yaxın günlərdə Bakıda Türkiyənin Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlunun Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Sərdar Kılıçla olan danışıqlar bunun göstəricisidir.
Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması birbaşa İrəvan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmasından, sülh sazişinin imzalanmasından, Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlanmasından, eləcə sə, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün mühüm layihə kimi Zəngəzur dəhlizinin açılması istiqamətində səmərəli addımlardan asılıdır.
Beləliklə, beynəlxalq aləmdə rolu və nüfuzu getdikcə artan Ankara və Bakı bu gün nüvə müharibəsi təhlükəsinin artdığı bir dövrdə dünyanın bu dəhşətli aqibətdən qaçması üçün bütün səylərini əsirgəmir.
Mövzu ilə əlaqədar oxuyun:
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO - VİDEO - YENİLƏNİB
İsrail Azərbaycana yeni tibbi avadanlıqlar bağışlayıb - FOTO
Rasim Musabəyov: Ukraynanı dərhal Avropa İttifaqına qəbul edin! - VİDEO
Regionda yeni reallığın yaradıcılarından: Avropa anlayır və qəbul edir
Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası Prezidenti videoformatda görüş keçirib - FOTO