Əliyevin köməyi və Zelenskinin minnətdarlığı. “Bakıya qarşı sanksiyalar” tələb edən britaniyalı deputat üçün maarifləndirici TƏHLİL | 1news.az | Xəbərlər
Köşə

Əliyevin köməyi və Zelenskinin minnətdarlığı. “Bakıya qarşı sanksiyalar” tələb edən britaniyalı deputat üçün maarifləndirici TƏHLİL

S.Xankişiyeva11:50 - 02 / 03 / 2022
Əliyevin köməyi və Zelenskinin minnətdarlığı. “Bakıya qarşı sanksiyalar” tələb edən britaniyalı deputat üçün maarifləndirici TƏHLİL

Böyük Britaniya parlamentində Qazaxıstan və Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı təklif irəli sürülüb. Təklif britaniyalı deputat Marqaret Hodc tərəfindən səsləndirilib.

Qanunverici orqanın iclasında çıxış edən Marqaret Hodc deyib: “Putin rejimini dəstəkləyən Qazaxıstan və Azərbaycana qarşı sanksiyaların tətbiqi tələb olunur”.

İlk olaraq ondan başlayaq ki, Bakı Ukrayna ətrafında gedən proseslərlə bağlı birmənalı mövqedən çıxış edir. Bu barədə fevralın 25-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Ukrayna ətrafında baş verən hadisələr narahatlıq doğuran proseslərdir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq, bu məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsi çox vacibdir. Bu xüsusda da atəşkəsə nail olunması vacib, təməl addımlardan biridir. Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur. Bu sırada da dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsini xüsusi qeyd etmək istərdim”, - H.Hacıyev qeyd edib.

Bir gün əvvəl, fevralın 24-də isə bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov açıqlama verib. Həmin gün ATƏT Daimi Şurasının növbədənkənar iclası oldu. Videoformatda keçirilən görüşdə çıxış edən Araz Əzimov bildirib ki, Ukrayna və onun ətrafında yaranmış vəziyyət ciddi narahatlıq doğurur.

Vəziyyətin gərginləşməsinin insan tələfatına səbəb olduğu qeyd edilib, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verilib.

Mövcud vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında diplomatik kanallar vasitəsilə sülh yolu ilə nizamlanmasının vacibliyi vurğulanıb. Mövcud şəraitdə vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün təcili dialoqa çağırış edilib.

Bundan başqa, Azərbaycan vəziyyəti sülh yolu ilə həll etmək üçün səmərəli səylər göstərir. O cümlədən, Azərbaycan tərəfi Bakını Ukrayna və Rusiya tərəflərinin nümayəndələrinin görüşü üçün platforma kimi təklif edib. Və bunu nəzərə alaraq, Ukrayna prezidenti Vladimir Zelenskinin özünün də Bakını Rusiya nümayəndələri ilə danışıqlar yeri kimi qəbul etməsi vacibdir.

“Biz görüşmək istəyirik, müharibənin bitməsini istəyirik. Varşava, Budapeşt, İstanbul, Bakı və ya ərazisindən raketlər uçmayan istənilən ölkədə və başqa şəhərdə - biz hamımız bunu Rusiya tərəfinə təklif etmişik”, – Vladimir Zelenski fevralın 27-də Telegram kanalında yazıb.

Azərbaycan Prezidenti İlham Əliyev də öz Twitter hesabında rəsmi Bakının atəşkəsə nail olmaq və qarşıdurmanı siyasi müstəviyə keçirmək səyləri barədə yazıb:

“Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. O, atəşkəsin əldə olunması, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi, Ukrayna əhalisinə dərman və tibbi ləvazimatların göndərilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib”.

Bundan əvvəl isə, Vladimir Zelenski öz Twitter səhifəsində göstərilən humanitar yardım və dərmanlara görə Azərbaycana təşəkkürünü bildirən qeyd yazmışdı: “Dəstəyinizə görə təşəkkür edirəm”.

Azərbaycan Ukraynaya dərman və tibbi avadanlıqla birlikdə iki təyyarə göndərib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, “SOCAR Energy Ukraine” şirkətinin yanacaqdoldurma məntəqələri Ukraynada təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin avtomobillərini 24/7 rejimdə pulsuz yanacaqla təmin etməyə başlayıb.

“İlham Əliyevlə söhbətimin nəticələrinə əsasən, SOCAR-ın Ukraynadakı bütün yanacaqdoldurma məntəqələrinə təcili tibbi yardım və Fövqəladə Hallar Xidmətinin maşınları üçün pulsuz yanacaq verilməsi tapşırılıb. Gecə isə Azərbaycandan dərmanlar olan təyyarəni gözləyirik”, – Vladimir Zelenski fevralın 26-da Twitter-də yazıb.

Qeyd edək ki, Ukraynada SOCAR-ın 59 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Bütün bu faktlar, qeydlər, video kadrlar bütün ictimaiyyətə açıqdır. Axtarış sistemində yalnız bir neçə sorğu ilə asanlıqla tapmaq mümkündür.

Marqaret Hodc bunu ölkəsinin parlamentində ittihamlar səsləndirməzdən əvvəl edə bilərdi. Əlbəttə ki, əgər o həqiqəti istəsəydi bunu edə bilərdi. Lakin açıq-aydındır ki, sözlərinə görə məsuliyyət daşımaq Britaniya parlamentarisinin ən güclü tərəfi deyil.

Azərbaycan öz xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında qurur.

Bu, Azərbaycanın dəfələrlə ən yüksək səviyyədə bəyan etdiyi və beynəlxalq hüququn bu sarsılmaz prinsipinin praktikada bərqərar olması istiqamətində səmərəli addımlar atılması istiqamətində birmənalı mövqeyidir

Bakının bu mövqeyi – aydın, qəti və sarsılmazdır.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan və Ukrayna Prezidentləri telefonla danışıb - FOTO

Çavuşoğlu: Ukraynadan azərbaycanlıların da daxil olduğu 2604 qardaşımız yola düşüb - FOTO

Ukraynada müharibənin yeddinci günü - FOTOREPORTAJ

Kiyevdə olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ: Qatar yola düşəcək

XİN Ukraynanı tərk edən azərbaycanlıların sayını açıqlayıb – STATİSTİKA

Zelenski: Ordu ilə birlikdə Ukraynanı müdafiə edəcəyik - VİDEO

Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Paylaş:
3989

Sizin üçün xəbərlər

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər