Deputat: “Azərbaycanda dinə, milli-mənəvi dəyərlərin qorunmasına hər zaman diqqət olub”
Ötən gün Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yeni inzibati binasının açılışında iştirak edib.
Prezidentin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılan Azərbaycan İlahliyyat İnstitutunun Azərbaycanda vicdan azadlığının qorunması, dini ali təhsilin inkişafı baxımından əhəmiyyəti nələrdir?
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Azərbaycanda dinə, milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə hər zamana yüksək diqqət və qayğı olub.
“Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün cənab Prezident İlham Əliyev tərəfindən həmin siyasəti uğurla davam etdirir. Bu qayğının ən bariz nümunələrindən biri də 218-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması oldu. İnstitut yaradıldı, qısa dövrdə formalaşdırıldı və yeni bir bina ayrıldı. Ötən gün də canab Prezident yeni binanın açılışında iştirak etdi. Bu bir daha cənab Prezidentin bizim milli dəyərlərimizə diqqət və qayğısının göstəricisidir”.
Deputat deyib ki, Azərbaycan İlahiyyat İnstitutu yaranmamışdan öncə bəzi insanlarımız ərəb ölkələrinə təhsil almağa gedirdilər.
“Bir sıra halllarda da bizim vətəndaşlarımız zərərli dini təhsilə məruz qalıblar. Amma Azərbaycan İlahiyyat İnstitutu yarandıqdan sonra artıq ölkəmizdə ali dini təhsil verən təhsil müəssisəsi yaranmış oldu. Bu müəssisədə yüksək dini biliklər verilir. Bu da ölkəmizdə dini təhlükəsizliyin təmin olunmasına, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə öz ciddi tövsiyyəsini birmənalı olaraq verəcək. Cənab Prezidentin bu açılışda iştirakı, müəyyən tövsiyyələr verməsi də onu göstərdi ki, Azərbaycanda bu sahəyə xüsusi önəm verilir, dövlətin nəzarətindədir və dövlət bu sahənin inkişafı üçün lazım olan bütün addımları atır, hər zaman da atacaq”.
“İlahiyyat İnstitutunun yaradılması ilə ilk dəfə Azərbaycanda elmi əsaslara əsaslanan, yüksək ali dini təhsil verən bir təhsil müəssisəsi yaranmış oldu” – deyə, deputat əlavə edib:
“Bu gün İlahiyyat İnstitutunda ali təhsilin bakalavr, magistratura və doktorantura pilləri üzrə təhsil verilir. Bu həm də bizə şərait yaratdı ki, İslam dininə elmi bir baxış formalaşsın, islam elmləri fundamental araşdırılsın, tədqiq edilsin. Əvvəl bizim vətəndaşlarımız səbəb gətirirdilər ki, ölkəmizdə dini təhsil üçün imkan yoxdur. Amma artıq qeyd etdiyimiz kimi təhsilin bütün pillələri üzrə Azərbaycan İlahiyyat İnstitutunda təhsil verilir. Əvvəl tələbələr xaricə gedib təhsil alanda təhsil xərcləri, yol xərcləri, qalmaq yeri üçün xərclər və s. xərcləri çıxırdı. Amma bu gün Azərbaycan İlahiyyat İnstitutunda təhsilin bütün pillələrində təhsil ödənişsizdir. İlahiyyat İnstitutunun açılması ilə Azərbaycanda dini təhsilin keyfiyyətində yeni bir mərhələyə qədəm qoyduq. Artıq Azərbaycanda milli, mənəvi dəyərləri təbliğ edən müəssisə mövcuddur”.