ÜST: Koronavirusa yoluxma halları həftə ərzində 24 faiz azalıb
Ötən həftə dünyada COVID-19 infeksiyasına 5,5 milyondan çox yoluxma halı aşkar edilib ki, bu da öncəki həftə ilə müqayisədə 24 faiz azdır. Həmçinin həftə ərzində ölüm hallarının sayı 21 faiz azalaraq 18 min nəfər təşkil edib.
1news.az xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində yer alıb.
“Aprelin 11-dən 17-dək COVID-19 infeksiyasına yeni yoluxma hallarının sayı öncəki həftə ilə müqayisədə 24 faiz, ölənlərin sayı isə 21 faiz azalıb. Həftə ərzində ÜST-yə 5 milyon 589 min 269 yoluxma və 18 min 215 ölüm faktı barədə məlumat daxil olub”, - deyə sənəddə bildirilir. Məlumata əsasən, COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayında artıq ardıcıl olaraq dördüncü həftədir azalma qeydə alınır.
Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatının altı regionunun hamısında yoluxma hallarında azalma baş verib. Bu, əsasən Qərbi-Sakit Okean regionunda (28 faiz), Şərqi Aralıq dənizi regionunda (26 faiz) və Avropada (25 faiz) özünü daha qabarıq göstərib. Ölüm hallarının sayında azalma bütün regionlarda, əsasən Qərbi-Sakit okean regionunda (25 faiz) və Şərqi Aralıq dənizi regionunda (25 faiz) müşahidə olunub.
Həftə ərzində ən çox yoluxma Koreya Respublikasında aşkarlanıb – 972 min 82 nəfər. Bu göstəriciyə görə sonrakı yerlərdə Fransa (827 min 350 nəfər) və Almaniya (769 min 466 nəfər) gəlir. Son yeddi gündə ən çox ölüm halı ABŞ-da qeydə alınıb – 3 min 76 nəfər. Ölüm hallarının həftəlik miqdarına görə ilk üçlükdə, həmçinin Rusiya (1784 nəfər) və Almaniya (1227 nəfər) yer alıb.
ÜST dünyada “omikron” ştamının dominantlıq etdiyini xatırladıb. GISAID beynəlxalq məlumat bazasına əsasən, son 30 gün ərzində analizi aparılan bioloji material nümunələrinin 99,5 faizində “omikron”, 0,4 faizində isə “delta” ştammı aşkarlanıb.
Qeyd edək ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 infeksiyasının yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer portalının məlumatına görə, indiyədək dünyada koronavirusa 507 milyon 56 mindən çox yoluxma və 6 milyon 232 min 479 ölüm faktı təsdiqlənib, 459 milyon 338 min nəfər sağalıb.