Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO
Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına növbəti humanitar yardım bu gün yola salınıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, ümumi çəkisi 170 tondan çox olan humanitar yardıma 3.37 milyon manat məbləğində dərman vasitələri və tibbi sərfiyyat malları, eləcə də 1 milyon manat məbləğində ərzaq məhsulları daxildir.
Humanitar yükü Varşava hava limanına çatdırmaq üçün ilk təyyarə aprelin 21-də saat 14:30-da Ukraynanın ölkəmizdəki səfirinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb
Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən cari ilin 27 fevral və 12 mart tarixlərində Ukraynaya, eləcə də 15 aprel tarixində ukraynalı qaçqınlar üçün Moldovaya ümumi məbləği 23.2 milyon manatdan artıq olan 550 tona yaxın humanitar yardım göndərilib.
Beləliklə, Azərbaycan Respublikasının Ukraynadakı böhranla bağlı göstərdiyi humanitar yardımın ümumi məbləği 27.6 milyon manat (təxminən 15 milyon avro), çəkisi isə 720 ton təşkil edir.