A-Qroup İdarə Heyətinin Sədri: A-Qroup üçün reputasiya anlıq faydalardan daha vacibdir - Müsahibə
A-Qroup-un İdarə Heyətinin sədri Abas Miskərli ilə müsahibə
- Abas müəllim, yeni vəzifəyə təyin olunduqdan sonra ilk dəfədir ki, müsahibə verirsiniz. Ona görə də ilk növbədə, Sizi bu təyinatınız münasibətilə təbrik edirik.
- Təbriklərinizə və şirkətimizə göstərdiyiniz marağa görə təşəkkür edirəm Müsahibə üçün yaradılan imkana görə minnətdaram.
- Abas müəllim, A-Qroup-un İdarə Heyətinin sədri təyin olunmağınızdan bir ildən çox vaxt ötür. Bir az keçmişə nəzər salaq. Bazarın ən tövsiyə olunan sığorta şirkətlərindən birinə rəhbərlik etmək kimi böyük məsuliyyəti öz üzərinizə götürməyiniz sizin üçün qorxulu deyildimi? Üstəlik, gəlişiniz koronovirus pandemiyası ilə bağlı böyük məhdudiyyətlər dövrünə təsadüf edir. Bu da Sizi dayandırmadı?
- Şirkətdə yeni olmadığım üçün bu qorxu hissini yaşamadım. Mən bu son təyinatdan 2 il əvvəl A-Qroup komandasına qoşulmuşdum və İdarə Heyəti Sədrinin müavini vəzifəsin icra edir, satış və zərərlərin tənzimlənməsi sahələrinə rəhbərlik edirdim. Bu müddət ərzində mən bu şirkəti sevdim və kiçik, lakin çox mehriban kollektivin bir üzvü olmağı bacardım. Təbii ki, mən Azərbaycanın sığorta bazarında 26 ildən artıqdır ki, uğurla fəaliyyət göstərən bir şirkətə rəhbərlik etməyin və ən azı bu şirkətin eyni səviyyədə saxlanmasının böyük məsuliyyət olduğunu bilirəm. Lakin mənə hər zaman mürəkkəb problemlərin həlli maraqlı olub. İş nə qədər çətin olsa, bir o qədər maraqlıdır. Yəqin ki, məhz elə bu səbəbdən marağım qorxu hissini üstələyib.
- Şirkətin gələcək inkişafını necə görürsünüz? Nəyi dəyişmək istəyirsiniz?
- Qəribə səslənə bilər, amma mən ilk növbədə nəyi qoruyub saxlamaq və mümkün dərəcədə təkmilləşdirmək istədiyim barədə danışmaq istəyirəm.
Bu gün A-Qroup universal, çoxşaxəli sığorta şirkətidir, lakin heç kimə sirr deyil ki, bu şirkət yarananda fəaliyyətini ilk növbədə tibbi sığorta növünə istiqamətləndirmişdir. Bu nüans “sığortalıya pasiyent kimi qayğı göstərmək” ideologiyasını yaradaraq onun imicində dərin iz qoymuşdur. Ona görə də bazarda olduğumuz 26 il ərzində “sığortalıya qayğı göstərmək” sözləri sadəcə gözəl şüar deyil, əsl missiyaya çevrilmişdir. Təbii ki, bu müddət ərzində şirkət uzun və mühüm yol qət etmiş, dəyişmiş, inkişaf etmiş, məhsul çeşidini genişləndirmişdir, lakin bu missiya daim dəyişməz olaraq qalmışdır. Buna görə də “sığortalıya qayğı göstərmək” anlayışının qorunub saxlanmasının düzgün qərar olduğunu düşünürəm. Bizi başqalarından fərqləndirən o zaman da bu idi, bu gün də budur və bu bizim mütləq qoruyub saxlamalı olduğumuz ənənələrdəndir. Bu mənim əsas məqsədimdir.
Digər əsas məsələ xidmətin keyfiyyətinin yüksək səviyyədə saxlanılmasıdır. Fəaliyyət göstərdiyi illər ərzində şirkət öz öhdəliklərini vicdanla yerinə yetirmişdir. Tibb haqqında danışsaq, əminliklə deyə bilərəm ki, bizim bu sahədə bərabərimiz yoxdur. 260-а yaxın şirkət, 30 mindən çox sığorta olunan öz sağlamlığını bizə etibar edir. Biz təkcə ötən il ərzində sığorta olunanların müalicəsi üçün 11 milyon manata yaxın vəsait ödəmişik. Xidmətimizi yüksək qiymətləndirən əksər müştərilər uzun illər bizimlə qalır və bizə etibar edirlər. Yeri gəlmişkən, şirkəti dəyişdikdən bir-iki il sonra yenidən bizə geri qayıdanların sayı da az deyil!
Avtomobil sığortası ilə bağlı da fəxrlə danışa bilərik. Hər ay bizdə KASKO üzrə 50-60 sığorta hadisəsi qeydə alınır. Bu hallarda zərərin ödənilməsi üçün orta müddət 3 gün təşkil edir. İnanın ki, bu çox yaxşı göstəricidir. Təvazökar səslənəcək, amma demək olar ki şirkətə hər hansı şikayət daxil olmur, əksinə, sığortalılardan ayda bir neçə dəfə təşəkkür zəngləri qəbul edir və elektron təşəkkür məktubları alırıq, hətta bəziləri minnətdarlıq əlaməti olaraq əməkdaşlarımıza müxtəlif şirniyyatlar göndərirlər.
Dəyişdirilməli və inkişaf etdirməli məsələlər barədə danışsaq, mütləq şəkildə texnologiya qeyd olunmalıdır. Bu gün texnologiya maliyyə sektoru da daxil olmaqla, dünyada fəaliyyətin bütün sahələrini qlobal şəkildə dəyişir. Azərbaycan da bu baxımdan istisna deyil. Yaxın gələcəkdə satışın səmərəliliyinin artırılması, xərclərin azaldılması, yeni məhsulların yaranması və s. məsələlər birbaşa bundan asılı olacaq. Buna görə də şirkətimizin rəqəmsal transformasiyası qaçılmazdır. Biz burada artıq müəyyən uğur əldə etmişik. Məsələn, biz hələ 2016-cı ildə müştərilər üçün sığorta növləri üzrə mobil tətbiqi bazarda ilk istifadəyə verənlərdən biri olmuşuq. İndi isə mobil tətbiq qlobal yeniləmədən keçir və yaxın günlərdə onu ictimaiyyətə təqdim edəcəyik. Bununla paralel olaraq, biz artıq şirkət daxilində bir çox prosesləri avtomatlaşdırmışıq. Ancaq hesab edirəm ki, ənənəvi məhsulları və biznes prosesləri ilə sığorta bazarında əsas dəyişikliklər hələ qarşıdadır. Bu dəyişikliklərin sürəti indi daha çox qanunvericilik bazasını müasir texnologiyaların imkanlarına nə qədər tez uyğunlaşdırmaqdan asılıdır. Bu, müxtəlif struktur arayışları, məcburi fiziki imza və s. kimi keçmişdən qalmış tələbləri nə qədər tez geridə qoymağımızdan asılıdır.
- Siz icbari sığorta növünü aparmağa icazə əldə edən sonuncu şirkətsiniz. Bu A-Qroup üçün nəyi dəyişir?
- Bəli, A-Qroup icbari sığorta növünü aparmağa icazə alan sonuncu sığorta şirkətidir. Biz bunun üçün sistemli, nizam-intizamlı, prinsiplərimizdən kənara çıxmadan uzun yol qət etdik.
Bu nəyi dəyişir? Birincisi, bu bizə sığorta xidmətlərinin çeşidini genişləndirməyə imkan yaratdı. Son illər ərzində sığortanın digər növlərini fəal şəkildə inkişaf etdiririk. Bunun sayəsində 2021-ci ildə KASKO üzrə 81%, əmlak sığortasında 52%, müxtəlif məsuliyyət növləri üzrə sığortada 39% artım qeydə alınmışdır. Pandemiyaya baxmayaraq, inkişafı qoruyub saxlamağımız çox vacib məsələdir. İndi isə biz icbari sığorta növlərini də təqdim edə bilərik. İkincisi, A-Qroup indi ölkənin bütün regionlarında təmsil olunur və bu, gələcək inkişaf üçün yaxşı potensialdır.
Amma sikkənin əks tərəfi də var. Bildiyiniz kimi, bu, bazarın ən kütləvi seqmentidir və sığorta hadisələrinin çox yüksək dinamikası var. Nəticədə, böyük bazar payına malik şirkətlər istər-istəməz zərərin ödənilməsi ilə bağlı xidmətlərində böyük iş yükü ilə üzləşirlər. Bu həcmdə hadisələrlə hər bir müştəriyə fərdi yanaşmadan danışmaq çətindir. Lakin reputasiya A-Qroup üçün qısamüddətli faydalardan daha vacibdir. Etibarlı sığortaçı kimi şöhrətimizi uzun illər gərgin fəaliyyətimiz sayəsində qazanmışıq. Buna görə də biz yüksək dövriyyə üçün reputasiyamızı itirməyi gözə ala bilmərik. Beləliklə, biz yüksək satış və bazar payının arxasınca düşməyəcəyik. Biz sistemli şəkildə inkişaf etməyə davam edəcəyik. Əsas diqqətimiz əvvəllər tam kompleks xidmət göstərə bilmədiyimiz sadiq müştərilərimizdir. İndi onlar başqa sığorta şirkəti axtarmağa məcbur deyillər.
- Gördüyümüz kimi, qarşınızda çox çətin vəzifələr var. Sizin üçün yeni bazar seqmentləri, regional genişlənmə, portfelin diversifikasiyası. Bu, daha çox işçi, daha çox iş, daha mürəkkəb proseslər deməkdir. Eyni zamanda, siz öz dəyərlərinizi, davamlılığınızı qorumaq istəyirsiniz. Bunun öhdəsindən necə gəlməyi planlaşdırırsınız?
- Haqlısınız. Bu, həqiqətən də asan deyil. Lakin bu bizi qorxutmur. Düşünürəm ki, biz öhdəsindən kifayət qədər yaxşı gəlirik. Gəncə şəhərindəki nümayəndəliklə yanaşı, Quba, Lənkəran, Şəki və gözəl yurdumuzun digər bölgələrində də nümayəndəliklər açılmışdır. Təkcə 2021-ci ildə şirkətin işçi heyətində 21 nəfər artıb. Bu bizim 2021-ci ildə qarşımıza qoyduğumuz ən çətin vəzifə idi, çünki komandamıza kimi qəbul edəcəyimizi seçərkən biz namizədin nəinki peşəkarlıq səviyyəsini yoxlayır, həm də namizədin insani keyfiyyətlərini dəyərləndirməyə çalışırıq və onun kollektivə uyğun olub-olmadığını, komandada işləməyə, həmkarlarına kömək etməyə hazır olub-olmadığını anlamağa çalışırıq. Axı A-Qroup həmfikirlərdən ibarət komandadır. Təcrübədən göründüyü kimi, aparıcı mütəxəssislərdən ibarət parçalanmış kollektivdən fərqli olaraq həmfikirlərdən ibarət kollektiv mürəkkəb tapşırıqların öhdəsindən daha yaxşı gəlir. Mehriban komanda və korporativ mədəniyyət A-Qroup-un məni ilk günlərdən təəccübləndirən xüsusiyyətlərindən biridir və biz bundan sonra da belə qalmaq niyyətindəyik.
- Abas müəllim, görüşməyə razı olduğunuza və maraqlı söhbətə görə sizə təşəkkür edirəm. Uğurlarınızı izləyəcəyik. Ümid edirəm ki, yaxın gələcəkdə yenidən görüşəcəyik.
- Maraqlı sual və diqqətiniz üçün təşəkkür edirəm. İnanıram ki, bizə inanan hər kəsin ümidlərini doğruldacağıq.
Reklam hüququnda