İlham Əliyev: Builki Bakı Enerji Həftəsi qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir
Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji” sərgisini və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu özündə birləşdirir.
1news.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına məktubunda bildirilir.
Dövlətimizin başçısı qeyd edir ki, Bakı Enerji Həftəsi Azərbaycan hökumətinin uğurla mübarizə apardığı pandemiyanın yaratdığı ikiillik fasilədən sonra yenidən təşkil olunur. Həm canlı görüşlər, həm də bölgənin sənaye liderləri ilə canlı dialoq sərgi və forumun əhəmiyyətini daha da artırır. Builki Bakı Enerji Həftəsi daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir.
“Təqdirəlayiqdir ki, qlobal çağırışa çevrilmiş dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması, habelə əlverişli və təhlükəsiz enerji təchizatı kimi məsələlər builki Enerji Həftəsində dialoqun əsas gündəliyini təşkil edir. Eyni zamanda Bakı Enerji Forumu enerji sektorunun əsas tədbiri statusu qazanmış Xəzər Neft və Qaz Konfransının ənənələrini davam etdirməklə yanaşı, gündəliyini yeni enerji seqmentləri ilə də genişləndirmişdir”, - deyə məktubda vurğulanır.