Deputat: “Bu, Azərbaycanın güclənən mövqeyindən və ABŞ üçün artan əhəmiyyətindən xəbər verir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Bu, Azərbaycanın güclənən mövqeyindən və ABŞ üçün artan əhəmiyyətindən xəbər verir”

Qafar Ağayev15:28 - 02 / 06 / 2022
Deputat: “Bu, Azərbaycanın güclənən mövqeyindən və ABŞ üçün artan əhəmiyyətindən xəbər verir”

“44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasından sonra ABŞ prezidenti Cozef Baydenin ardıcıl olaraq Azərbaycan Prezidentinə ünvanlanan müraciətləri və bu müraciətlərdə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu ifadə etməsi yeni reallıqlar şəraitində Azərbaycanın güclənən mövqeyindən və ABŞ üçün artan əhəmiyyətindən xəbər verir”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

“Doğrudur, əvvəllər də ABŞ həmişə ölkəmizin ərazi bütövlüyünü müdafiə edib və Azərbaycanın irəli sürdüyü bütün regional və qlobal iqtisadi layihələrə dəstək nümayiş etdirib” – deyə, o əlavə edib:

“1993-cü ildə Amerika erməni lobbisinin təsiri altında ədalətsiz olaraq ABŞ Konqressi tərəfindən Azərbaycan qarşı qəbul olunmuş 907-ci düzəlişin də fəaliyyətini hər il xüsusi prezident fərmanı ilə dayandırıb. Nəticədə keçən 30 ilə yaxın müddət ərzində Azərbaycan da digər post-sovet ölkələri kimi ABŞ Konqresinin “Azadlığa dəstək” aktından müəyyən qədər yararlana bilib. Amma bununla yanaşı ABŞ administrasiyası işğalçı Ermənistana və onun tərəfindən ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış qondarma quruma da mütəmadi olaraq maddi yardımlar göstərirdi. Belə təzadlı yanaşma Ermənistanda hakimiyyətdə olan xuntaya və Qarabağ bölgəsində fəaliyyət göstərən qeyri-qanuni rejimə əsassız ümidlər verir və onlarda işğal faktının bir gün legitimləşdirilə biləcəyinə inam yaradırdı. Lakin 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və nəticədə bölgədə yaranmış yeni hərbi-siyasi reallıqlar ABŞ-nı da özünün Cənubi Qafqaz siyasətinə aydınlıq gətirməyə və müvafiq düzəlişlər etməyə vadar etdi”.

Deputat deyib ki, indi Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edən dünya ölkələri, o cümlədən ABŞ artıq ölkəmizlə qarşılıqlı əlaqələrin genişləndirilməsinə heç bir maneə görmürlər.

“Azərbaycan da öz növbəsində bütün mütərəqqi ölkələrlə, hətta 30 il ərzində müharibə şəraitində olduğu Ermənistanla da qarşılıqlı faydalı əməkdaşlığa açıq olduğunu bəyan edib. Müstəqil olduğumuz 30 il ərzində Azərbaycan özünü dünya birliyinə etibarlı tərəfdaş kimi tanıtmaqla bu kimi bəyanatların da səmimi olduğuna heç bir şübhə yeri qoymur. Ona görə də həm Avropa Birliyi və həm də ABŞ-ın yeni şəraitdə Azərbaycanla artan təmaslarının məhz daha sıx əməkdaşlığa kökləndiyini görmək və buna inanmaq heç də çətin deyil. Bu gün belə bir əməkdaşlıq özündə heç bir iqtisadi və hərbi risk daşımır və potensial tərəfdaşlar üçün də onların marağında olan siyasi-iqtisadi faydalar vəd edir. Bu gün qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi xüsusilə Avropa ölkələri üçün olduqca vacib əhəmiyyətə malikdir və Avropanın təhlükəsizliyinə zəmanət yaradan ABŞ üçün də belə bir əməkdaşlığın prioritet hesab olunması təbiidir”.

C.Feyziyevin sözlərinə görə, artıq 4-cü aydır ki, davam edən Rusiya-Ukrayna müharibəsi Avropa ölkələrinin Rusiya neftindən və qazından asılılığına son qoymaq zərurətini meydana çıxarıb.

“Belə bir şəraitdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu dəfələrlə artmış olur. Azərbaycan ərazisi vasitəsilə Qərblə Şərq arasında etibarlı kommunikasiya əlaqələrinin mümkünlüyü də dünyanın Rusiyadan asılılığını azalda biləcək mühüm amillər sırasındadır. Azərbaycan müstəqil olduğu bütün müddət ərzində öz təbii resurslarından əldə etdiyi gəlirləri ölkə ərazisində həyata keçirdiyi islahatlara sərf etməklə yanaşı həm də bir hissəsini bütün dünya ölkələrinin faydalana biləcəyi qlobal və regional layihələrə xərcləyib. Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi olaraq bu gün Şimal və Cənub ölkələrinin yolu məhz Azərbaycanda kəsişir. Qərb və Şərq dünyaları bir-biri ilə məhz Azərbaycan vasitəsilə birbaşa təmas imkanları əldə edib. Dünya bazarlarının bir-birinə yaxınlaşması və daha əlverişli şərtlər çərçivəsində iqtisadi-ticari əlaqələrə girə bilməsi də Azərbaycanın inadlı səyləri və böyük sərmayələri hesabına mümkün olub. Beləliklə, bütövlükdə dünyada və ayrılıqda bölgəmizdə yaranmış yeni reallıqlar Azərbaycanı dünya miqyaslı siyasi hadisələrin əsas və fəal iştirakçılarından birinə çevirib. Bu pozitiv reallıqların işığında Azərbaycan dövləti və prezidenti Azərbaycan xalqının mənafeyi çərçivəsində bütün dünya ilə, o cümlədən ABŞ ilə bərabərhüquqlu faydalı əməkdaşlıqda maraqlıdır və bu əməkdaşlığın illərlə güclənəcəyinə və beynəlxalq müstəvidə ölkəmizin mövqeyini daha da gücləndirəcəyinə heç bir şübhə yoxdur”.

Paylaş:
421

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər