Rusiya XİN: Ukrayna limanlarından taxıl ixracı üçün şərait yaratmağa hazırıq
Kiyev akvatoriyanı minalardan təmizlədikdən sonra Rusiya taxılın Qara dənizin beynəlxalq sularına təhlükəsiz ixracını təmin etməyə hazırdır.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Rusiya Odessadan və Qara və Azov dənizlərindəki digər limanlardan taxıl ixracı üçün şərait yaratmağa hazırdır. Akvatoriyanın minalardan təmizlənməsi halında biz taxılın Qara dənizin beynəlxalq sularına daşınmasını, o cümlədən müşayiət edən gəmilərin təhlükəsiz hərəkətini təmin etməyə hazır olacağıq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova qeyd edib ki, Rusiya da öz taxılını ehtiyacı olan bütün ölkələrə tədarük etməyə hazırdır.
1news.az