Elman Nəsirov: “AXC-Müsavat hakimiyyəti dövründə işğal olunan torpaqları İlham Əliyev azad etdi”
“AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu 1 il Azərbaycan tarixinin ən zülmətli ilidir”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“İnsanların sabahkı günə inamının itdiyi bir dövr idi. Onların hakimiyyətdə olduğu dövrdə el dili ilə desək, “heç kim, heç kimin kitabını oxumurdu” və Azərbaycan torpaqlarının işğalı prosesi davam edirdi və daha da intensivləşmişdi. Ölkənin cənubunda qondarma Talış-Muğan Respublikası yaradılmışdı, yəni, Azərbaycanın cənub bölgəsi Azərbaycan ərazisindən ayrılmış vəziyyətdə idi. Separatçı bir “dövlət” formalaşdırılmışdı. Ölkənin şimalı da Azərbaycandan ayrılmaq istəyirdi, bu prosesin də başında “Sadval” deyilən bir separatçı təşkilat dayanmışdı. Eyni zamanda ölkə daxilində hakimiyyət uğrunda mübarizə gedirdi. Tamamilə siyasətdən uzaq adamlar, bəsit, savadsız insanlar hakimiyyətdə idilər”.
“Ən dəhşətlisi odur ki, AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycan vətəndaş müharibəsinin girdabına sürükləndi. Faktiki olaraq Gəncə bombalanırdı.
Bu reallıq fonunda Sürət Hüseynova tabe olan hərbi hissələr döyüş meydanından geri çəkilmişdi. O zaman Sürət Hüseynov hakimiyyətdə olan AXC-Müsavat cütlüyünə müharibə elan eləmişdi. Onlar da Sürət Hüseynova müharibə elan elədi, hadisələrin episentri Gəncə şəhəri idi. Deməli, Gəncədə real vətəndaş müharibəsi idi. Ölkə tam xaosun içərisində idi. Belə halda insanlar üzünü ulu öndər Heydər Əliyevə tutdular. Çünki, 90-cı ildə də ölkə sahibsiz qalarkən, ölkə əhalisi 20 yanvarda təcavüzə məruz qalarkən, hərbi cinayət törədərkən xalqın yanında Heydər Əliyev oldu, xalqı o müdafiə etdi. 1993-cü ildə də xalq sahibsiz qalmşıdı. Bu halda nicat yolu kimi ulu öndər Heydər Əliyevə müraciət olundu.
Heydər Əliyevin iyunda Bakıya gəlişi ilə təkcə Azərbaycan dövləti və dövlətçiliyi hiss edilmədi, təkcə Azərbaycan xalqı xilas olmadı, eyni zamanda dövləti dağıdan AXC-Müsavat cütlüyünün üzvlərinin belə həyatı xilas oldu.
“Çünki Sürət Hüseynov Gəncədən Bakı istiqamətinə gələrkən, bəyan etmişdi ki, AXC-Müsavat cütlüyünün üzvlərini Azadlıq meydanında edam edəcək”.
Deputat deyib ki, Azərbaycanın qurtuluşu Heydər Əliyevin gəlməsindən sonra başladı.
“Heydər Əliyev 1993-cü ilin dekabr ayından 1994-cü ilin yanvar ayına qədər Horadiz Əməliyyatı keçirdi. Horadiz şəhəri və 22 kənd azad edildi. Ermənistan hakimiyyəti məhz Heydər Əliyev hakimiyyətə gələndən sonra böyük zərbə aldılar. Bundan sonra məcbur olun Bişkek protokolu imzalamağa məcbur oldular. Atəşkəs imzalandı, tarixi Əsrin Müqaviləsi imzandı. Əsrin müqaviləsinin imzalanması ilə Azərbaycanın sonrakı inkişafının təməli qoyuldu. Bugünkü inkişafımızda da bunun böyük önəmi var”.
E.Nəsirov bildirib ki, AXC-Müsavat hakimiyyəti ilə bugünkü hakimiyyət müqayisə oluna bilməz.
“Bununla bağlı bir cümlə kifayət edər, AXC-Müsavat hakimiyyəti dövründə biz torpaqlarımızı itirdik, amma ölkə Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə 44 günlük Vətən Müharibəsində torpaqlarımzı işğaldan azad etdik. Hazırda Qarabağda sürətli yenidənqurma işləri aparılır. Bu gün Azərbaycan xalqı qəlbində ulu öndər Heydər Əliyevə əbədi heykəl qoyub. Bizim müasir dövlətçiliyimiz məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.