Rusiya XİN Lavrovun səhvini düzəldib
Rusiya Xarici İşlər Nazirliyinin saytında nazir Sergey Lavrovun Xocalı rayonunun Fərrux kəndindəki vəziyyətlə bağlı erməni həmkarı Ararat Mirzoyanla İrəvanda birgə mətbuat konfransı zamanı səsləndirdiyi fikirlərə dəyişiklik edilib.
1news.az Trend-ə istinadən xəbər verir ki, daha əvvəl Fərrux kəndindəki vəziyyəti şərh edən rusiyalı nazir bəyan etmişdir ki, "Rusiya hərbçiləri vəziyyəti prioritetlərindən biri olaraq saxlamaqda davam edir. Orada bu vəziyyətin deeskalasiyası baxımından "yerdə" müəyyən nəticələr var. Və bizdə belə bir anlayış var ki, delimitasiya üzrə aparılan əsaslı işlərin bir hissəsi kimi bu məsələlərə mütləq baxılacaq və həll olunacaq."
Lavrov və Mirzoyan arasında keçirilən mətbuat konfransının stenoqramı Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Stenoqrama dəyişiklik edilib və Lavrovun sözləri aşağıdakı redaksiyada verilib.
"Vəziyyətə gəlincə, Rusiya hərbçiləri (bizim erməni dostlarımız bunu yaxşı bilirlər) bunu öz prioritetlərindən biri kimi “saxlayırlar”. Artıq vəziyyətin deeskalasiyası baxımından “yerdə” müəyyən nəticələr var. Biz hesab edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artırılmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərruxdakı kimi insidentlərin qarşısını almağa kömək edəcək."
Lavrovun bu bəyanatlarına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyində daha əvvəl bildirildiyi kimi, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.
"Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur", - Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Həmçinin oxuyun: Azərbaycan XİN-dən Sergey Lavrova CAVAB