Milli Qurtuluş Günü Azərbaycanın möhtəşəm zəfərlərinin bünövrəsidir | 1news.az | Xəbərlər
Siyasət

Milli Qurtuluş Günü Azərbaycanın möhtəşəm zəfərlərinin bünövrəsidir

10:22 - 15 / 06 / 2022
Milli Qurtuluş Günü Azərbaycanın möhtəşəm zəfərlərinin bünövrəsidir

Azərbaycan xalqı və dövlətinin müstəqilliyinin qorunub saxlanılmasını təmin edən müdrik şəxsiyyətin Ulu Öndər Heydər Əliyev olması danılmaz həqiqətdir.

İctimai-siyasi sabitliyin bərqərar olmasının, mövcud iqtisadi tərəqqinin təməlində məhz onun müəyyənləşdirdiyi inkişaf strategiyası, daxili və xarici siyasət xətti dayanır. Heydər Əliyevin istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür. Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini anlamaq üçün onun siyasi fəaliyyətinin müxtəlif dövrlərinə qısa nəzər salmaq kifayətdir.

Keçmiş SSRİ-nin tərkibində olan Azərbaycan 1969-cu ilədək ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya idi. Bu tənəzzülün əsasında ayrı-ayrı sahələrdə idarəetmənin düzgün təşkil edilməməsi, mövcud potensialdan səmərəli istifadə olunmaması kimi səbəblər dururdu. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji yol xəritəsi oldu.

Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündən Azərbaycanın həqiqi dinamik tərəqqisi başladı. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, maşınqayırma, metallurgiya və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər əldə etdi. Həyata keçirilən institusional islahatlar sayəsində kənd təsərrüfatı, təhsil və səhiyyə sektorlarında, eləcə də neft sənayesində inkişaf tempi sürətləndi. Milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. 1978-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə İttifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bundan başqa, “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Siyasi-ideoloji müstəvidə görülən bütün işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar idi.

1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruculuğunda həmin lisey mühüm amil oldu. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin bir qismi də məhz həmin liseyin yetirmələri idi.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi, SSRİ-nin rəhbərlərindən biri oldu. O, bu dövrdə də Azərbaycan xalqının mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atdı, respublikamız üçün misilsiz xidmətlər göstərdi.

Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən bəhs edərkən onun fəaliyyətinin Naxçıvan dövrünə xüsusi nəzər salmaq lazımdır. Çünki həmin dövrün prosesləri və reallıqları Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən biridir. Məlumdur ki, 1990-cı ildə Azərbaycan mürəkkəb situasiya qarşısında olduğu zaman Muxtar Respublikanın blokada şəraitinə düşməsi, sosial-iqtisadi durumunun acınacaqlı hal alması, mərkəzi hakimiyyətin muxtar qurum üzərində qurduğu oyunlar Naxçıvanı çətin vəziyyətə salmışdı. 17 noyabr 1990-cı ildə Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı, Muxtar Respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və sovet ordusu Naxçıvan MR ərazisindən çıxarıldı. Elə həmin ərəfədə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə qərarlar qəbul edildi. 1991-ci ilin sentyabr ayında Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçilməsindən sonra muxtar respublikada sabitlik təmin edildi, sosial və iqtisadi durum yaxşılaşdı, xarici müdaxilə təhlükəsi aradan qaldırıldı. Muxtar Respublikada milli dövlətçilik ənənələrinin bərpası istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldü, dövlət rəmzləri bərpa olundu, milliləşdirmə siyasəti davam etdirildi.

Müstəqilliyin ilk illərində ölkəmiz ciddi iqtisadi problemlərlə üz-üzə qalmışdı. Sosializm sistemindən bazar iqtisadiyyatına keçid qeyri-peşəkar aparılır, ciddi sosial-iqtisadi və maliyyə nöqsanlarına yol verilirdi. Ölkədə yaranmış bu vəziyyətdən müəyyən qruplar öz məqsədləri üçün istifadə edirdilər. Bank sektorunda fəaliyyət göstərmiş onlarla bankın qısa zamanda müflisləşməsi vətəndaşları çıxılmaz vəziyyətə saldı.

Ölkəni bu fəlakətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev qurtardı. Ölkənin 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etdi. Xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai- siyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Buna görə də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Ulu Öndər illər sonra həmin günləri belə xatırlayırdı: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Ən əsası, Azərbaycanda uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Səlis və işlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusi əhəmiyyətə malik idi.

Bu gün Ulu Öndərin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan yüksəlişə və dinamik inkişafa nail olub. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi yazılır. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.

Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik

bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təminatlı və davamlı olması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir Azərbaycanın gerçəklikləridir.

Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara uyğun şəkildə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ən mühüm məqam isə budur ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdıgı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda əmin addımlarla, inamla, əzmlə və qətiyyətlə sürətli irəliləyişini davam etdirir.

Kamaləddin Qafarov,

Milli Məclisin deputatı

Paylaş:
244

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər