Ceyhun Bayramov: “Kommunikasiyaların bərpası məsələsində irəliləyiş əldə olunub”
Azərbaycan təkcə sözdə deyil, real fəaliyyətdə da buna səy göstərir. Mən indi detallara varmayacağam, konkret 3 nümunə gətirəcəyəm.
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O xatırladıb ki, müharibə bitəndən dərhal sonra Azərbaycan müharibə səhifəsini çevirməyə və iki ölkə arasında sülhün bərpasına başlamağa hazır olduğunu bildirib.
Nazir bu fikri səsləndirməyin asan olduğunu düşünənlərə məsləhət görüb ki, azad olunmuş ərazilərə səfər etsinlər: “Və orada bizim gördüklərimizi görsünlər. Bütün bunlardan sonra çox qısa müddət ərzində belə açıq şəkildə bu fikri səsləndirmək siyasi cəsarət tələb edir. Bunun üstündən bir ildən çox keçsə də, qarşı tərəfdən reaksiya olmadı”.
XİN rəhbərinin sözlərinə görə, 2022-ci ilin fevral ayında isə Azərbaycan növbəti addımı ataraq Ermənistan tərəfinə ölkələrarası münasibətlərin bərpası ilə bağlı 5 əsas prinsipi təqdim edib: “Yeri gəlmişkən qeyd edim ki, bu addım pozitiv qarşılandı və bundan sonra diplomatik aktivlik yarandı. Nəhayət, üçüncü olaraq onu qeyd etmək istəyirəm ki, bu gün bizim müzakirələrimiz zamanı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə bağlı mümkün treklərin içində ən çox kommunikasiya əlaqələrinin açılması məsələsində irəliləyiş əldə etdik. Düzdür, bununla bağlı hələ konkret heç nə yoxdur, amma hər halda düşünürük ki, normallaşma əldə etmək baxımından ciddi əhəmiyyət daşıya və irəliləyiş ola bilər. Xatırladım ki, üçtərəfli bəyanata kommunikasiya əlaqələrinin yaradılması ilə bağlı bəndin qoyulmasını tələb edən də Azərbaycan tərəfi idi”.
1news.az